Gənclər arasında işsizlik səviyyəsinin digər yaş qrupları ilə müqayisədə daha yüksək olması əsasən əmək bazarının tələbləri ilə mövcud bacarıqlar arasındakı uyğunsuzluqla izah olunur. İşəgötürənlərin təcrübəli kadrlara üstünlük verməsi, ali və orta ixtisas təhsilində praktiki biliklərin kifayət qədər olmaması gənclərin iş həyatına keçidini çətinləşdirir. Bu baxımdan, gənclərin peşə bacarıqlarının artırılması, təlim və təcrübə proqramlarının genişləndirilməsi, eləcə də əmək bazarına uyğun hazırlıq mexanizmlərinin gücləndirilməsi məsələsi aktuallığını qoruyur.
Karyera məsləhətçisi İlkin Mirzəzadə Sfera.az-a açıqlamasında bildirib ki, gənclər arasında işsizlik ona görə çox olur ki, həm gənclərin tələbləri güclü olur, həm də işəgötürən praktik bilik istəyir:
"Gənclərin çoxu əmək bazarının real tələblərinə uyğun olmayan ixtisasları seçir. Bu isə məzun olduqdan sonra iş tapmaqda çətinlik yaradır.
Universitetlərdə nəzəri biliklər üstünlük təşkil edir, lakin praktiki bacarıqlar zəifdir. İşəgötürənlər isə daha çox təcrübəli kadr axtarır.
Gənclərin istəkləri də reallıqla uzlaşmır. Onlar bəzən yalnız yüksək maaşlı və prestijli işlərə üstünlük verirlər, lakin başlanğıc mərhələdə sadə işlərdən imtina etmələri işsizlik müddətini uzadır.
Gənclərin bir qismi iş həyatına daxil olmaqda gecikir, çünki məsuliyyət hissi və motivasiya kifayət qədər formalaşmır".
Ekspert qeyd edib ki, bunun aradan qaldırılması universitetdən başlamalıdır:
“Gənclər anlamalıdır ki, ən azından ilk 3 ay onun təcrübə yığması üçün ideal vaxtdır. Yəni karyeranın başlanğıcında xüsusi tələblər olmamalıdır.
Qısa müddətli sertifikat proqramları ilə gənclər bacarıqlarını artıra bilər.
Rəqəmsal bacarıqlar, proqramlaşdırma kimi bacarıqlar da mənimsənilməlidir”.
Niyaz Hacıyev
Sfera.az