Qış mövsümünün özünü daha sərt şəkildə göstərdiyi, temperaturun kəskin şəkildə aşağı düşdüyü dövrlərdə daimi yaşayış yeri olmayan şəxslərin təhlükəsizliyi və sağlamlığı xüsusi diqqət tələb edən sosial məsələlərdən birinə çevrilir. Soyuq hava şəraiti, şaxtalı gecələr və əlverişsiz iqlim şəraiti bu kateqoriyadan olan insanlar üçün ciddi risklər yaradır. Bu baxımdan, dövlət qurumlarının vaxtında və çevik reaksiyası, xüsusilə müvəqqəti sığınacaqların təşkili və sosial dəstək mexanizmlərinin işə salınması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda əvvəlki illərdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən soyuq hava şəraiti ilə əlaqədar olaraq daimi yaşayış yeri olmayan şəxslər üçün səyyar sığınacaqlar yaradılıb. Havaların yenidən kəskin soyuması fonunda bu praktikanın hazırda gündəmdə olub-olmaması, müvafiq qurumların qış mövsümünə hansı formada hazırlaşdığı isə ictimaiyyət üçün maraq doğuran suallardandır.
Bu məqsədlə Sfera.az mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyinə (SXA) sorğu ünvanlayıb.
SXA-dan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda soyuq hava şəraiti ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zaman-zaman daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb.
Məlumatda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həssas kateqoriyalardan olan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir:
“Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Müəssisədə xüsusi qayğıya ehtiyacı olan şəxslər sosial xidmətlərlə əhatə olunur və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir. Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır. Müəssisəyə qəbul olunanlar zəruri xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər”.
“Müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər, müəyyən yaşayış yeri olmayan şəxslər, görmə qabiliyyəti məhdudluğu olan 5-29 yaşlı şəxslər və s. qəbul edilirlər. Müəyyən yaşayış yeri olmayan vətəndaşlar barədə məlumat daxil olan kimi Agentliyin əməkdaşları tərəfindən qiymətləndirmə aparılır. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, həmin şəxslər operativ şəkildə müvafiq sosial xidmətlərlə əhatə olunurlar və lazımi dəstək tədbirləri görülür. Hazırda müəssisədə 70 vətəndaşımız dövlət qayğısı ilə əhatə olunur”, - Agentlikdən bildirilib.
Firuzə Əliyeva
Sfera.az