ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarının (PUA) əhəmiyyətini qəbul etsə də, onların döyüş təyyarələrindən üstün olmadığını bildirib.
Onun sözlərinə görə, PUA-lar müasir müharibələrdə faydalıdır, lakin F-22 və F-35 kimi yüksək texnologiyalı döyüş təyyarələri ilə müqayisədə həlledici üstünlüyə malik deyillər.
Gələcək hərbi strategiyalarda döyüş təyyarələri ilə PUA-lar arasında balans necə qurulacaq?
Sfera.az-a bununla bağlı açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi müasir hərbi doktrinalarda getdikcə daha çox qəbul edilən bir reallığı əks etdirir:
"PUA-lar oyunun qaydalarını dəyişir, lakin klassik döyüş aviasiyasını tam əvəz etmir. Gələcək strategiyalarda əsas məsələ hansının üstün olacağı sualından çox, necə sinerji yaradılacağı məsələsidir. Döyüş təyyarələrinin dəyişməyən üstünlükləri var. Beşinci nəsil platformalar F-22 Raptor və F-35 Lightning II hələ də yüksək intensivlikli müharibələrin bel sütunudur. Situasiya şüuru və qərarvermə anında pilot real vaxtda mürəkkəb mühitdə improvizasiya edə bilir. Hava üstünlüyünə gəldikdə isə “dogfight”, hava qarşıdurmaları və yüksək manevr imkanları həlledici rol oynayır. Nüvə və strateji baxımdan pilotlu platformalar siyasi-psixoloji cəhətdən də daha güclüdür. Tam pilotsuz sistemlərlə müqayisədə pilotlu döyüş təyyarələri daha çevikdir. Bu səbəbdən Trampın vurğuladığı kimi, PUA-lar bu səviyyədə həlledici hesab edilmir, xüsusilə də böyük güclərarası müharibə ssenarilərində. PUA-ların üstünlüklərindən biri pilot itkisi riskinin olmamasıdır ki, bu da istənilən dövlət üçün olduqca əhəmiyyətlidir. Gələcəkdə balansın qurulması üçün bir pilotlu döyüş təyyarəsi komandir platforma rolunda çıxış edir, onun yanında isə kəşfiyyat və zərbə PUA-ları fəaliyyət göstərir. Pilot kompleks qərarları verir, PUA-lar isə riskli və təkrarlanan tapşırıqları icra edir".
A.Şuşalı gələcək doktrinanın təxminən belə formalaşdığını qeyd edib:
“Tapşırıq, əsas vasitə və hava üstünlüyü. Döyüş təyyarələri ilk zərbə və hava hücumundan müdafiənin yarılması üçün istifadə olunur. PUA və döyüş təyyarələrinin birgə fəaliyyəti dərin kəşfiyyat, uzunmüddətli patrul və strateji eskalasiya mərhələlərində pilotlu aviasiyanı tamamlayır. Buraya süni intellekt faktorunu da mütləq əlavə etmək lazımdır. PUA-lar bu sahədə real oyun dəyişdirici rol oynayacaq. Ancaq etik məsuliyyət, nüvə eskalasiyası riski və alqoritmik səhvlər səbəbindən böyük dövlətlər hələ uzun müddət son qərarverməni insan faktorunun əlində saxlayacaq”.
Fidan Hacızadə
Sfera.az