Son illər Bakıda nəqliyyat sıxlığının artması, xüsusilə pik saatlarda yaranan tıxaclar şəhər sakinlərinin əsas problemlərindən birinə çevrilib. Mövcud svetofor sistemlərinin real vaxt rejimində nəqliyyat axınına uyğunlaşmaması bu problemi daha da dərinləşdirirdi. Məhz bu səbəbdən paytaxtda ilk dəfə olaraq nəqliyyat axınının intensivliyinə uyğun çalışan adaptiv (“ağıllı”) svetoforların quraşdırılmasına başlanılıb. Yeni sistemin məqsədi yol hərəkətinin daha səmərəli təşkili, gözləmə vaxtının azaldılması və tıxacların minimuma endirilməsidir.
Maraqlıdır, bu yenilik şəhər daxilində nəqliyyat vasitələrinin hərəkətinə, tıxacların azaldılmasına və yol hərəkətinin ümumi effektivliyinə necə təsir göstərəcək?
Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, əslində, nəqliyyatın intellektual idarəetməsi dedikdə illərdir məhz bu gözlənilirdi:
“Çünki intellektual idarəetmənin mahiyyəti də elə budur. Bizdə bu anlayışın adı vardı, amma praktik tətbiqi yox idi. Səbəb isə sistemin avtomatik rejimdə işləməməsi idi. Həmişə qəribə görünürdü ki, mərkəzdən idarə olunduğu deyilən sistem niyə real vaxt rejimində axına uyğunlaşmır? Pik saatlarında nəqliyyat axını dəyişəndə svetaforların saniyələrinin avtomatik şəkildə tənzimlənəcəyini düşünürdük. Amma bu, baş vermirdi və nəticədə indiki problemlər yaranırdı. Bu baxımdan hazırkı tətbiq ilk addım, eksperimental bir yanaşma kimi qiymətləndirilə bilər və alqışa layiqdir. Zamanla effektivliyini özləri də görəcəklər və böyük ehtimalla bu sistem şəhərin bir çox nöqtəsində tətbiq olunacaq”.
Ekspert əlavə edib ki, real vəziyyətdə tez-tez svetaforlar adi vaxtlara uyğun işləyir, amma pik saatlarda bir istiqamətdən axının daha kəskin olduğuna şahidlik edirik:
“Buna baxmayaraq, sürücülər gözləməli olur, halbuki qarşı tərəfdə nəqliyyat o qədər də sıx deyil. Axını ölçən və vəziyyəti analiz edən intellektual svetafor sistemi isə məhz bu nöqtədə qərar verərək daha çox sıxlıq olan istiqamətə əlavə vaxt ayıra bilər. Görünən odur ki, indiyədək bu proseslər əsasən manual rejimdə idarə olunub. Elə buna görə də intellektual idarəetmənin real nəticələrini görə bilmirdik. İndi isə bu boşluğun tədricən aradan qalxacağı ehtimalı yaranıb”.
Fidan Hacızadə
Sfera.az