ABŞ-nin 46-cı prezidenti Co Baydenin qlobal liderliklə bağlı səsləndirdiyi fikirlər beynəlxalq gündəmdə müzakirələrə yol açıb. Baydenin sözlərinə görə, əgər Vaşinqton dünya siyasətində aparıcı mövqeyini itirərsə, bu boşluğu Rusiya və ya Çin doldura bilər.


 


Bu yanaşma mövcud geosiyasi rəqabətin dərinləşdiyi bir dövrdə qlobal güc balansının gələcəyi ilə bağlı sualları yenidən aktuallaşdırır.


 


Maraqlıdır, Baydenin bu narahatlığı nə dərəcədə realdır və ABŞ-nin mümkün geri çəkilməsi dünya siyasətinə hansı təsirləri göstərə bilər?


 


Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Co Baydenin bu fikri daha çox xəbərdarlıq xarakteri daşıyır və ABŞ xarici siyasətinin əsas normativlərindən birinə söykənir. Onun sözlərinə görə, burada söhbət yalnız formal liderlikdən yox, beynəlxalq qaydaların formalaşdırılması, təhlükəsizlik arxitekturası və qlobal iqtisadi sistemə yön verən institutlar üzərində təsirdən gedir:


 



 


“ABŞ-nin bu sahələrdə zəifləməsi avtomatik olaraq boşluq yaradır və bu boşluğun kimlər tərəfindən doldurulacağı sualı aktuallaşır. Reallıq ondan ibarətdir ki, ABŞ-nin qlobal liderliyi tam şəkildə birdən-birə itirməsi ehtimalı azdır, lakin nisbi zəifləmə artıq müşahidə olunur. Xüsusilə Ukrayna müharibəsi, Yaxın Şərqdəki qeyri-sabitlik və Asiya-Sakit okean regionunda artan gərginlik Vaşinqtonun eyni vaxtda bir neçə cəbhədə liderlik etmək imkanlarını məhdudlaşdırır. Bu vəziyyət həm Rusiya, həm də Çinin manevr imkanlarını genişləndirir, lakin hər iki ölkənin ABŞ modelinə bənzər qlobal liderlik qurmaq potensialı ciddi məhdudiyyətlərlə üzləşir”.


 


Politoloq vurğulayıb ki, Rusiya daha çox hərbi güc və təzyiq alətləri üzərindən təsir dairəsini genişləndirməyə çalışır:


 


“Lakin iqtisadi zəiflik, sanksiyalar və institusional cazibənin olmaması onun qlobal miqyasda dayanıqlı liderliyini mümkünsüz edir. Bu səbəbdən Rusiya daha çox regional destabilizator və ya balans pozan aktor kimi çıxış edir, nəinki universal qaydalar yaradan lider kimi. Çin isə fərqli yol seçir. O, iqtisadi əlaqələr, infrastruktur layihələri və texnoloji təsir vasitəsilə qlobal mövqeyini gücləndirməyə çalışır. Bununla belə, Pekinin siyasi modeli, insan haqları və təhlükəsizlik məsələlərində yaratdığı narahatlıqlar bir çox ölkələr üçün Çin liderliyini ehtiyatla qəbul edilən alternativə çevirir. Yəni Çin daha çox iqtisadi mərkəzə çevrilə bilər, lakin normativ və ideoloji liderlik baxımından hələlik məhdud imkanlara malikdir”.


 


Müsahibimiz qeyd edib ki, əgər ABŞ-nin qlobal liderliyi zəifləsə, dünya siyasəti daha çox parçalanmış və qeyri-müəyyən xarakter alacaq:


 


“Qlobal qaydaların yerini regional razılaşmalar, güc balansları və situativ ittifaqlar tutacaq. Bu isə beynəlxalq sistemdə sabitliyin azalmasına, münaqişələrin artmasına və orta dövlətlərin manevr imkanlarının genişlənməsinə səbəb ola bilər. Belə bir dünyada artıq tək bir mərkəz yox, bir neçə təsir qütbü formalaşacaq və bu da qlobal siyasəti daha mürəkkəb, lakin eyni zamanda daha çevik hala gətirəcək”.


 


Niyaz Hacıyev


Sfera.az