Avropa İttifaqı 2026-2027-ci illər üçün Ukraynanın maliyyələşdirmə ehtiyaclarının üçdə ikisini, yəni 137 milyard avrodan 90 milyard avronu ödəməlidir. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin üzvləri qarşısında çıxış edərkən bildirib.


 


Bu açıqlama müharibənin gedişatı ilə bağlı müxtəlif ehtimallar yaradır.


 


Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ukraynaya 2026-2027-ci illərdə ayıracağı vəsaitlər kifayət qədər ciddi rəqəmlər təşkil edir:


 



 


“Nəzərdə tutulan 137 milyard avroluq vəsaitin 90 milyardı ödənilməlidir. Bu ödənişlər əsasən iki istiqamətdə həyata keçirilir. Birincisi, Ukraynanın müdafiə qabiliyyətinin qorunması, saxlanması və gücləndirilməsidir. Bu, ölkənin hərbi strukturunun dayanıqlı olmasını təmin etməklə yanaşı, mövcud silah və texnika ehtiyatlarının müasir standartlara uyğun saxlanmasını və lazım gəldikdə yenilənməsini də əhatə edir. İkincisi isə Ukraynanın maliyyə ehtiyaclarının ödənməsi, dövlət mexanizmlərinin işlək halda saxlanması üçün nəzərdə tutulur. Bu, sosial təminat, infrastruktur layihələri, dövlət büdcəsinin balanslaşdırılması və iqtisadi stabilliyin qorunması kimi sahələri əhatə edir. Şübhəsiz ki, bu dəstək Ukraynanın müharibədə müqavimət imkanlarını artırır və Rusiyanın planlarına mane olmaq məqsədini güdür”.


 


Politoloq qeyd edib ki, bu baxımdan bu yardımlar kifayət qədər ciddi məbləğlər hesab olunur və onların rolu hazırkı geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir:


 


“ABŞ-nin Ukraynaya dəstəyini müəyyən səviyyədə dayandırmasından sonra Avropa İttifaqının maliyyə və hərbi yardımı daha da vacib bir element kimi ortaya çıxır. Avropa İttifaqı ölkələri Ukrayna ilə bağlı Donald Trampın təklif etdiyi sülh planından narazıdır və öz alternativ planlarını irəli sürürlər. Bu addım həm də Avropanın beynəlxalq səviyyədə nüfuzunu qorumağa, eyni zamanda Ukrayna məsələsində və gələcək dünya düzənində qlobal aktorlardan biri kimi rolunu saxlamağa yönəlmiş strateji bir qərar kimi qiymətləndirilir. Ümumiyyətlə, Avropa İttifaqının bu dəstəyi həm Ukraynanın müstəqilliyini və suverenliyini qorumağa, həm də regiondakı geosiyasi balansın Avropanın maraqlarına uyğun şəkildə saxlanmasına xidmət edir. Bu addımlar, həmçinin Avropanın qlobal səhnədə öz təsirini genişləndirməsi və beynəlxalq hüquq prinsiplərinin qorunmasına verdiyi önəmi nümayiş etdirir”.


 


Niyaz Hacıyev


Sfera.az