İsveçrədə aparılan genişmiqyaslı araşdırmalara əsasən, dünya üzrə son 30 ildə gənclər arasında xərçəngə tutulma halları 14 faiz artıb.
Xüsusilə 25-39 yaş aralığında olan şəxslər risk qrupunda önə çıxıb. Statistik göstəricilər əsasən, bu yaş qrupunda ən çox rast gəlinən xərçəng növləri arasında bağırsaq xərçəngi və tiroid vəzi xərçəngi ilk yerlərdə qərarlaşıb.
Qadınlar arasında ən çox rast gəlinən süd vəzi xərçəngi bu yaş qrupunda 60 faiz artıb. Lakin əsas sıçrayış bağırsaq xərçəngində qeydə alınıb – 137 faiz. Tiroid vəzi xərçəngi isə qadınlarda 94 faiz artımla diqqət çəkib. Bununla yanaşı, kişilərdə də bağırsaq xərçəngi 142 faiz, tiroid vəzi xərçəngi isə 101 faiz artıb.
Bu göstəricilər gənc yaşda onkoloji xəstəliklərin artıq istisna deyil, ciddi ictimai sağlamlıq problemi olduğunu ortaya qoyub.
Niyə son 30 ildə gənclər arasında xərçəngə tutulma halları sürətlə artır? 25-39 yaş aralığında bağırsaq və tiroid vəzi xərçənginin kəskin artmasının əsas səbəbləri nədir?
Məsələ ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Sfera.az-a açıqlama verib. Mütəxəssis bu problemin təkcə İsveçdə deyil, bütün dünyada, istər Avropa ölkələrində, istər Amerikada, istərsə də Şərq ölkələrində müşahidə olunduğunu qeyd edib.
“Onkoloji xəstəliklərin sayı sürətlə artır və bu artım bizim ölkəmizdə də aydın şəkildə hiss olunur. Artımın özü bir tərəfə, əsas diqqətçəkən məqam ondan ibarətdir ki, bu xəstəliklər getdikcə “gəncləşir”, yəni gənclər arasında daha sürətlə yayılır. Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, aparılan araşdırmalar da təsdiqləyir ki, onkoloji xəstəliklərin bu qədər sürətlə artmasının əsas səbəblərindən təxminən 40-50 faizi qidalanma faktoru ilə bağlıdır. Bildiyimiz kimi, gənclərimiz də pis qida vərdişlərindən sürətlə istifadə edirlər. Buraya alkoqoldan geniş və həddindən artıq istifadə, eləcə də fast-food qidaların normadan artıq qəbulu daxildir. Fast-food qidaların mədə-bağırsaq xərçəngi, süd vəzi xərçəngi və digər orqan xərçənglərinin həm gəncləşməsinə, həm də sürətlə artmasına səbəb olduğu artıq məlumdur. Çünki bu qidalarda kanserogen maddələrin miqdarı olduqca yüksəkdir. Məhz buna görə də onkoloji xəstəliklər bu qədər sürətlə yayılır və yaş həddi aşağı düşür”.
Həkim əsas məsələnin gənclər arasında son illər geniş yayılmış elektron siqaretlər və ümumilikdə tütün məhsullarının həddindən artıq istifadəsi olduğunu vurğulayıb. Mütəxəssis süd vəzi xərçənginin artmasında bu faktorun mühüm rol oynadığını diqqətə çatdırıb:
“Artıq bu tendensiya bizim ölkəmizdə də açıq şəkildə müşahidə olunur. Xüsusilə qadınlar arasında süd vəzi xərçənginin artmasında bu faktor mühüm rol oynayır. Burada hormonal pozğunluqlar, uşaq sayının azalması da mühüm amillər sırasındadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün qadınlar arasında alkoqoldan istifadə səviyyəsi artıb və elektron siqaretlərdən, xüsusilə də “veyp”lərdən istifadə halları kişilərlə müqayisədə daha geniş yayılıb. “Veyp”lərin qadınlar arasında bu qədər populyarlaşması yumurtalıq xərçəngi, qalxanabənzər vəzin xərçəngi, ağız boşluğu xərçəngi və digər onkoloji xəstəliklərin sürətlə yayılmasına və gəncləşməsinə səbəb olan əsas faktorlardan biridir. Digər səbəblər sırasında dünyada müharibələrin geniş yayılmasını da qeyd etmək olar".
"Hərəkətsizlik də bəladır...."
Fərid Müseyibov belə davam edib:
"Müharibələr zamanı ətraf mühitin ciddi şəkildə çirklənməsi onkoloji xəstəliklərin sürətlə artmasına gətirib çıxaran əsas amillərdən biridir. Bundan əlavə, hərəkətsiz həyat tərzi də mühüm risk faktorudur. Son illər texnologiyanın, süni intellektin sürətli inkişafı insanlar arasında fiziki aktivliyin azalmasına səbəb olub. Hərəkətsizlik isə onkoloji xəstəliklərin yaranmasına zəmin yaradan əsas səbəblərdən biridir. Hərəkətsizlik nəticəsində artıq çəki formalaşır ki, bu da öz növbəsində bağırsaq xərçəngi, mədə xərçəngi və digər ciddi xəstəliklərin yaranmasına səbəb olur. Qeyd etmək lazımdır ki, artıq çəki süd vəzi xərçənginin də əsas risk faktorlarından biridir. Digər mühüm amillərdən biri isə stres faktorudur. Uzunmüddətli stres, psixoloji travmalar, eləcə də son zamanlar qadınlar arasında abort sayının həddindən artıq artması süd vəzi xərçəngi və qalxanabənzər vəz xərçənginin geniş yayılmasına səbəb olan əsas faktorlar sırasında yer alır”.
Bəsti Rəfizadə
Sfera.az