Dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) İdarə Heyətinin iclası keçirilib.
İclasda Baş nazir Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində yenidən baş nazir postuna namizədliyini əsaslandırmaq üçün geniş çıxış edib. Paşinyan bildirib ki, 2018-ci ildən əvvəl başlanan siyasi mübarizə hələ də tamamlanmayıb.
Onun sözlərinə görə, bu mübarizəni sona çatdırmaq və qarşıya qoyulan məqsədlərə nail olmaq artıq təkcə öz iradəsindən asılı deyil, prosesin taleyi cəmiyyətin və siyasi reallıqların verdiyi qərarlardan asılıdır.
Nikol Paşinyanın vurğuladığı və çatmaq istədiyi əsas missiya nədən ibarətdir? Onun çıxışındakı emosionallıq nə ilə bağlıdır?
Mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Ermənistanın hazırda tarixinin ən taleyüklü mərhələsindən keçdiyini bildirib:
“Çünki növbəti parlament seçkiləri Ermənistanın gələcək taleyini böyük ölçüdə həll edəcək. Əgər Rusiyanın agentura şəbəkəsinin təmsilçiləri qalib gələrsə, o zaman Ermənistan yenidən Rusiyanın qeyri-rəsmi quberniyası və ya regional forpostu kimi fəaliyyət göstərəcək, yəni müstəqilliyini və suverenliyini böyük ölçüdə itirəcək. Əgər Paşinyan hakimiyyəti qalib gələrək mövqelərini qoruya bilsə, o zaman Ermənistanın indiki xarici siyasət kursu davam etdiriləcək və ölkə Rusiyadan uzaqlaşaraq Qərbə doğru yaxınlaşma siyasətini daha da intensivləşdirəcək”.
Politoloqun fikrinə görə, ən əsası isə Azərbaycanla yekun sülh sazişinin imzalanması baş tutacaq, Zəngəzur dəhlizinin açılması reallaşacaq ki, bu da Ermənistanı yeni inkişaf mərhələsinə keçirəcək:
“Yəni, İrəvan hazırda faktiki olaraq yol ayrıcındadır və növbəti parlament seçkilərinin nəticələri ölkənin hansı yol üzrə hərəkət edəcəyini müəyyən edəcək. Hazırda Paşinyan üçün əsas hədəf Ermənistanın müstəqilliyini formal xarakter daşıyan modeldən çıxararaq real müstəqilliyə çatdırmaqdır. Bu isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması deməkdir. Paşinyanın əsas məqsədi də məhz İrəvanın Moskvanın təsirindən uzaqlaşaraq Qərbə inteqrasiya etməsidir. Təbii ki, Qərbə inteqrasiya prosesi o qədər də asan məsələ deyil. Bununla belə, Rusiyanın təsir dairəsindən çıxmaq Ermənistan üçün fərqli inkişaf istiqamətləri aça bilər. Bu isə daha çox Paşinyan hakimiyyətinin hazırda başlatdığı siyasətlə bağlıdır. Ona görə də bu siyasətin davam edib-etməyəcəyi seçkilərin nəticələrindən asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az