Qlobal istiləşmənin qarşısı alınmadığı təqdirdə, Yer kürəsi qarşıdakı onilliklərdə hər il minlərlə buzlaq itirə bilər.
Sfera.az xəbər verir ki, “Nature Climate Change” jurnalında dərc olunan yeni elmi araşdırma göstərib ki, əsrin sonuna qədər hazırda mövcud olan buzlaqların yalnız kiçik bir hissəsi qorunub saxlanacaq. Araşdırmada ilk dəfə olaraq ən çox sayda buzlağın tamamilə yox olacağı il hesablanıb və bu dövr “Yoxluğun zirvəsi” kimi xarakterizə edilib.
Alimlərin qənaətinə görə, iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlərin miqyası bu prosesin sürətinə birbaşa təsir göstərəcək. Məlumata əsasən, əsrin ortalarına doğru hər il yox olan buzlaq sayı 2 min ilə 4 min arasında dəyişə bilər. Temperaturda cəmi bir neçə dərəcəlik fərq isə 2100-cü ildə dünya buzlaqlarının təxminən yarısının qorunması ilə 10 faizdən də azının qalması arasında həlledici rol oynayıb.
Tədqiqatın baş müəllifi, buzlaqşünas Lander Van Triçt bildirib ki, əldə edilən nəticələr iqlim siyasətinin təxirəsalınmaz olduğunu açıq şəkildə ortaya qoyur: “Nəticələrimiz göstərir ki, iddialı və qətiyyətli iqlim tədbirləri dərhal həyata keçirilməlidir”. Araşdırmada diqqətçəkən məqamlardan biri də budur ki, əvvəlki tədqiqatlar əsasən buzlaqların sahə və kütlə itkisinə fokuslansa da, bu dəfə hər il neçə fərdi buzlağın tamamilə yox olacağı ayrıca hesablanıb. Araşdırma çərçivəsində alimlər peyk məlumatlarına əsaslanan qlobal bazada qeydiyyatda olan 211 min 490 buzlağın sərhədlərini təhlil ediblər.
Modellər sənaye öncəsi dövrlə müqayisədə temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırıldığı ssenaridən tutmuş, 4 dərəcəyə çatdığı ən mənfi ssenariyə qədər müxtəlif ehtimalları əhatə edib. Hazırda dünyada hər il təxminən min buzlaq yox olur. Lakin araşdırmaya görə bu göstərici artan xətlə davam edəcək. Temperatur artımı 1,5 dərəcə ilə məhdudlaşdırılsa belə, 2041-ci ildə illik buzlaq itkisi 2 minə çatacaq.
Bu halda 2100-cü ildə dünyada təxminən 96 min buzlaq, yəni mövcud buzlaqların təxminən 50 faizi qalacaq. Ən pis ssenaridə isə temperatur artımının 4 dərəcəyə yüksəlməsi halında isə 2050-ci illərin ortalarında hər il yox olan buzlaq sayı 4 minə çatacaq. Əsrin sonunda isə dünya buzlaqlarının cəmi 9 faizi mövcudluğunu qoruyacaq. Alimlər bildiriblər ki, bu göstəricilər iqlim dəyişikliyinin artıq uzaq gələcəyin problemi deyil, yaxın onilliklərdə bəşəriyyət üçün ciddi nəticələr doğuracaq qlobal təhlükə olduğunu açıq şəkildə ortaya qoyur.
Bəsti Rəfizadə
Sfera.az