ÜST Avropada yeni dominant qrip ştammının yayılması səbəbindən bir çox ölkənin səhiyyə sisteminin təzyiq altında olduğunu açıqlayıb. Avropa regionunda 38 ölkədən azı 27-də qrip aktivliyi yüksək səviyyədədir.


 


Yoluxmaların əsas hissəsi A(H3N2) virusunun K alt-qrupu ilə əlaqələndirilir. ÜST bu ştammın daha ağır xəstəlik yaratdığına dair sübut olmadığını bildirib.


 


Xəstəliyin qarşısını almaq üçün hansı önləyici tədbirlər görülməlidir?


 


Sfera.az-a bununla bağlı açıqlama verən infeksionist Aytən Ziyadova bildirib ki, influenza, digər adı ilə qrip, yüksək yoluxuculuğa malik, tənəffüs yolu ilə yayılan viral bir xəstəlikdir:


 



 


“Qrip A, B və C viruslarının törətdiyi infeksiyalar olaraq üç fərqli növə bölünür, lakin A növü ən çox yayılaraq xüsusilə qlobal epidemiyalara səbəb olur. A(H3N2) ştammı da bu qrip növünün bir alt qrupudur və bu il xüsusilə güclü şəkildə yayıldığı bildirilir. Qripin qarşısını almaq üçün bir neçə vacib tədbir mövcuddur. Birincisi, qrip vaksinasiyasıdır. Hər il qrip əleyhinə vaksinasiya, xüsusilə risk altında olan şəxslər üçün çox önəmlidir. Yaşlılar, xroniki xəstəlikləri olanlar və uşaqlar qripin ağır keçmə ehtimalı yüksək olan qruplardır. Bu qruplar üçün vaksinasiya infeksiyanın qarşısını almaqda çox təsirlidir. Bundan əlavə, gigiyenaya riayət etmək olduqca vacibdir. Əllərin tez-tez yuyulması qripin yayılmasının qarşısını alır. Əlləri sabun və su ilə yaxşıca yumaq virusların bədənə keçməsini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, maskaların taxılması da virusun başqalarına yayılmasının qarşısını alır. Xüsusilə xəstə olan şəxslər maska taxmalıdır”.


 


A.Ziyadova sosial məsafə saxlamağın da qripin qarşısının alınmasında vacib addımlardan biri olduğunu qeyd edib:


 


“İctimai yerlərdə, xüsusilə qapalı məkanlarda, insanların bir-birindən müəyyən məsafə saxlaması virusun yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Yaxşı havalandırma da önləyici tədbirlərdən biridir. Qapalı mühitlərdə yaxşı havalandırma virusa yoluxma riskini azaldır. Bununla yanaşı, istirahət etmək və kifayət qədər yuxu almaq bədənin immun sistemini gücləndirir və qripə qarşı mübarizəni asanlaşdırır. Son olaraq, qrip əlamətləri olan şəxslərin izolyasiya edilməsi və antiviral müalicə alması çox önəmlidir. Qrip şübhəsi olan şəxslər erkən müalicə almalı və başqalarına yoluxma riskini azaltmaq üçün evdə qalmalıdırlar”.


 


Fidan Hacızadə


Sfera.az