Avropalı tərəfdaşların Ukraynanın ABŞ-lə aparacağı danışıqlarda mümkün iştirakı münaqişənin həlli ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Prezident Volodimir Zelenskinin sülh planının təfərrüatlarının müzakirə olunacağını bildirməsi fonunda, bu iştirakın real siyasi təsir gücünə malik olub-olmadığı, yoxsa daha çox simvolik xarakter daşıdığı sualı aktuallaşıb.
Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Volodimir Zelenskinin Avropa tərəfdaşlarının Ukraynanın ABŞ-lə danışıqlarında iştirak edə biləcəyi barədə açıqlaması ilk baxışdan kollektiv diplomatiya görüntüsü yaratsa da, bu iştirakın real təsir gücü ciddi suallar doğurur.
Onun sözlərinə görə, Ukrayna müharibəsinin taleyini müəyyən edən əsas xətt uzun müddətdir Vaşinqton-Moskva oxu üzərində formalaşır, Avropa isə daha çox prosesin müşahidəçisi rolunda qalır:
“Əvvəla, müharibənin hərbi-siyasi yükünü daşıyan əsas aktor ABŞ-dir. Silah təchizatı, maliyyə dəstəyi, kəşfiyyat imkanları və diplomatik təsir baxımından Vaşinqton həlledici mövqedədir. Bu reallıq fonunda Avropa ölkələrinin danışıqlara qoşulması qərarverici mexanizm yox, daha çox konsensus görüntüsü yaratmaq cəhdi kimi görünür. Avropa masadadır, amma masanın qaydalarını yazan tərəf deyil. İkincisi, Avropa İttifaqı daxilində Ukrayna müharibəsinə yanaşmada ciddi parçalanma mövcuddur. Bəzi ölkələr sərt xətti müdafiə edir, digərləri isə müharibədən yorulduğunu açıq etiraf edir. Bu daxili uyğunsuzluq Avropanın vahid mövqe ilə çıxış etməsini çətinləşdirir. Belə olan halda Avropa nümayəndələrinin danışıqlarda iştirakı real təzyiq və ya təşəbbüs yaratmaqdan çox, fərqli mövqelərin paralel səsləndirilməsi ilə nəticələnə bilər. Üçüncü mühüm məqam odur ki, ABŞ üçün Avropanın iştirakı daha çox məsuliyyəti paylaşmaq alətidir. Vaşinqton sülh prosesində mümkün kompromislərin siyasi yükünü təkbaşına daşımaq istəmir. Avropanın masada olması gələcək qərarların “kollektiv qərar” kimi təqdim edilməsinə imkan verir. Bu isə praktiki nəticədən çox, siyasi məsuliyyətin bölüşdürülməsi məqsədi daşıyır”.
Politoloq qeyd edib ki, eyni zamanda Avropanın iştirakı Ukrayna üçün müəyyən mənəvi və diplomatik dəstək effekti yarada bilər:
“Kiyev üçün bu, tək qalmadığı mesajını vermək baxımından önəmlidir. Lakin bu dəstək münaqişənin əsas parametrlərini dəyişmək gücündə deyil. Çünki Rusiya üçün qarşı tərəf Avropa yox, ABŞ-dir və Moskva da real razılaşmaları Brüssellə deyil, Vaşinqtonla müzakirə etməyə üstünlük verir. Nəticə etibarilə Avropa tərəfdaşlarının ABŞ-Ukrayna danışıqlarında iştirakı daha çox simvolik və siyasi balans xarakteri daşıyır. Bu iştirak prosesə əlavə səs, əlavə görüntü və əlavə legitimlik verə bilər, lakin münaqişənin taleyini müəyyən edən əsas qərarların mərkəzi olaraq qalmaq gücünə malik deyil. Real sülhün konturları yenə də böyük güclərin razılaşmasından asılı olacaq, Avropa isə bu razılaşmanın müşayiətçisi rolunda çıxış edəcək”.
Niyaz Hacıyev
Sfera.az