Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyini davam etdirməsini Rusiya ilə müharibənin uzanmasına xidmət edən təhlükəli addım kimi dəyərləndirib.
Onun bu mövqeyi Aİ daxilində Ukrayna münaqişəsinə yanaşmaların fərqli olduğunu bir daha gündəmə gətirib.
Bəs Orbanın bu arqumentləri nə dərəcədə əsaslıdır və Avropa İttifaqının mövcud siyasəti münaqişənin həllinə, yoxsa daha da dərinləşməsinə xidmət edir?
Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban yenidən Avropa İttifaqını tənqid etməklə Ukraynanın maliyyələşdirilməsinin çıxış yolu olmadığını nümayiş etdirir. Onun sözlərinə görə, Orban Rusiya ilə hərbi münaqişə ehtimallarının gücləndiyini vurğulayır və münaqişənin uzanmasına yönəlmiş addımların atıldığını bildirir:
“Viktor Orban bu məsələdə öz milli maraqlarını ön plana çəkir və Brüsseldəki məmurları da məlumatlandırmağa çalışır. O, Ukraynanın müxtəlif yollarla hərbi, siyasi və iqtisadi varlığının qorunub saxlanılması üçün yatırılan vəsaitlərin heç də çıxış yolu olmadığını izah etməyə cəhd göstərir. Lakin Avropa İttifaqının hazırkı şəraitdə alternativ çıxış yolu da yoxdur. Çünki Ukraynanın məğlubiyyəti, ərazilərinin işğalı, mövcud vəziyyətin qəbul edilməsi və təklif olunan sülh variantının Ukrayna tərəfindən qəbul olunması Avropa üçün də yeni təhlükələr yarada bilər. Rusiya əldə etdiyi mümkün qalibiyyətlə kifayətlənməyərək yeni iddialar və yeni tələblər irəli sürə bilər. Avropa məhz bu düşüncə ilə hərəkət edir”.
Politoloq vurğulayıb ki, Viktor Orbanın Avropanı tənqid edən mövqeyi də mütləq nəzərə alınmalıdır:
“Orban burada sırf praqmatik yanaşma ortaya qoyur və Macarıstanın milli maraqlarını qorumağa çalışır. Avropa məkanında onu Rusiyaya meyilli siyasətçi kimi təqdim etməyə cəhd göstərirlər. Məncə bu yanaşma doğru deyil. Orbanın Rusiya əleyhinə mövqeləri və çıxışları da olub. O, nüfuzlu və təcrübəli siyasətçi kimi müxtəlif addımlarla müharibənin qarşısının alınmasına və daha dayanıqlı təhlükəsizlik sisteminin qurulmasına çalışır”.
Niyaz Hacıyev
Sfera.az