“Nikolayev” yeraltı əməliyyatlarının koordinatoru Sergey Lebedev bildirib ki, Ukrayna ordusu Yeni il bayramı öncəsi Rusiya sərhədini keçməyə hazırlaşır.
O, bayram günlərində Ukraynanın təxribat və kəşfiyyat qruplarından xüsusi fəaliyyət gözlənildiyini qeyd edib: “Həmin zaman hamı rahat olacaq, ona görə də ukraynalıları nəsə etməyə çalışacaqlar. Ən çox ehtimal olunan istiqamətlərdən biri Belqoroddur”.
Ukrayna böyük əməliyyata başlayacağı üçün Trampın sülh təklifi ilə bağlı qərarını uzadır? Deyilənlər nə dərəcə reallığı əks etdirir?
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib.
“Böyük ehtimalla bu iddia cəbhədə mümkün eskalasiya ehtimalını gündəmə gətirmək baxımından səsləndirilib”,- deyə ekspert bildirib.
“Əvvəla, Lebedevin statusu və məlumat mənbələri rəsmi deyil. Onun dedikləri nə Ukrayna, nə Rusiya, nə də beynəlxalq etibarlı mənbələr tərəfindən təsdiqlənib. Müharibə şəraitində bu tip açıqlamalar çox vaxt faktlardan daha çox ehtimallara və ya psixoloji təsir məqsədlərinə əsaslanır. Xüsusilə “bayram günlərində hamı rahat olur” kimi arqumentlər daha çox təbliğat ritorikasını xatırladır. Müasir müharibələrdə tərəflərin bayram və ya xüsusi günlərdə tam arxayınlaşması artıq real deyil”.
Politoloqun sözlərinə əsasən, Ukraynanın Belqorod və digər sərhəd bölgələrində apardığı fəaliyyətlər də yeni deyil:
“Son aylarda dron hücumları, diversiya-kəşfiyyat qruplarının lokal əməliyyatları və artilleriya zərbələri müşahidə olunub. Lakin bu fəaliyyətlər genişmiqyaslı quru əməliyyatı və ya sərhədin kütləvi şəkildə keçilməsi demək deyil. Ukraynanın hazırkı hərbi resursları, hava üstünlüyünün məhdudluğu və Qərb dəstəyinin şərtləri nəzərə alındıqda, Rusiya ərazisinə böyük hücum başlatmaq daha çox riskli və siyasi baxımdan problemli görünür. Məsələnin Donald Trampın sülh təşəbbüsü ilə əlaqələndirilməsinə gəldikdə isə təbii ki, sülh qərarının uzanmasının Ukraynanın əməliyyatlara hazırlaşması ilə heç bir əlaqəsi yoxdur.
Əslində isə sülh danışıqlarının ləngiməsi daha fundamental səbəblərlə, yəni ərazi məsələləri, təhlükəsizlik zəmanətləri, NATO faktoru, sanksiyalar və tərəflər arasında dərin etimadsızlıqla bağlıdır. Bu qədər mürəkkəb diplomatik prosesin bir hərbi əməliyyatla təxirə salındığını iddia etmək sadəlövh yanaşma olardı. Nəticə etibarilə, Lebedevin səsləndirdiyi fikirlər real hərbi hazırlıqdan daha çox informasiya müharibəsinin elementi kimi görünür. Bu cür açıqlamalar ya daxili auditoriyanı səfərbər etmək, ya da qarşı tərəfi psixoloji gərginlik altında saxlamaq məqsədi daşıya bilər. Hazırkı mərhələdə Ukraynanın Rusiya sərhədini genişmiqyaslı şəkildə keçəcəyinə dair ciddi, təsdiqlənmiş faktlar yoxdur və sülh prosesinin taleyi də birbaşa belə iddialarla izah oluna bilməz”.
Bəsti Rəfizadə
Sfera.az