2025-ci ilin oktyabr ayından etibarən Azərbaycana Somalidən onlarla ton dondurulmuş qoyun ətinin idxal olunduğu bildirilib. Rəsmi məlumatlara görə, bu məhsulların əsas hissəsi uzunməsafəli logistika marşrutu ilə Monqolustan üzərindən ölkəyə gətirilir.


 


Qida təhlükəsizliyi və istehlakçı sağlamlığı baxımından isə bu idxal xətti cəmiyyətdə ciddi suallar doğurub. Xüsusilə ətin kəsimindən satışa çıxarılmasına qədər keçən müddət, məhsulun keyfiyyəti ilə bağlı suallara meydana gəlib.


 


Uzunmüddətli dondurulmuş ətlər insan sağlamlığına necə təsir edir? Ümumiyyətlə istər qoyun, istərsə də digər ət və ət məhsulları neçə müddət dondurulmuş halda saxlanılmalıdır?


 


Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, uzun məsafədən gətirilən və uzun müddət dondurulmuş ətlər qida təhlükəsizliyi baxımından cəmiyyətdə haqlı narahatlıq yaradır.


 



 


“Burada əsas risk ətin nə qədər müddət dondurulmuş vəziyyətdə qalması deyil, dondurulma, daşınma və saxlanma proseslərinin necə idarə olunması ilə bağlıdır. Düzgün şəraitdə, yəni −18 °C və daha aşağı temperaturda dondurulan ətlərdə mikroorqanizmlərin çoxalması dayanır, lakin onlar tamamilə məhv olmur. Problemlər əsasən soyuq zəncirin qırılması, daşınma və ya anbarlama zamanı temperaturun qalxması, ətin əridilib yenidən dondurulması, eləcə də uzun müddət ərzində keyfiyyətin azalması ilə ortaya çıxır. Zaman keçdikcə oksidləşmə prosesi nəticəsində ətin dadı, qoxusu və teksturası dəyişir, qida dəyəri isə azalır. Bu cür hallarda qida zəhərlənməsi, həzm problemləri və xüsusilə immun sistemi zəif olan şəxslərdə daha ciddi fəsadlar yarana bilər”.


 


Mütəxəssisin sözlərinə görə, ətin saxlanılmasının beynəlxalq standartlara uyğun müəyyən müddəti var:


 


“Beynəlxalq qida təhlükəsizliyi standartlarına əsasən, -18 °C temperaturda saxlanılan qoyun və mal əti bütöv və ya parçalanmış halda 8-12 ay, doğranmış ət (qiymə) 3-4 ay, quş əti isə 6-9 ay müddətində maksimum təhlükəsiz hesab olunur. Bununla belə, mütəxəssislər ideal keyfiyyət və sağlamlıq baxımından bu məhsulların daha qısa müddətdə istehlak edilməsini tövsiyə edirlər. İstehlakçılar üçün ən vacib məqam etiket məlumatlarını diqqətlə oxumaq, məhsulun mənşə ölkəsinə, kəsim və dondurulma tarixlərinə xüsusi diqqət yetirmək, şübhəli qoxu, rəng və teksturaya malik ət məhsullarından imtina etməkdir. Nəticə etibarilə, uzun müddət dondurulmuş ət avtomatik olaraq zərərli sayılmır, lakin nəzarətsiz, şəffaf olmayan idxal və saxlanma zənciri sağlamlıq üçün real risk mənbəyinə çevrilə bilər”.


 


Bəsti Rəfizadə


Sfera.az