2025-ci ildə süni intellektin (Aİ) sürətli inkişafı müxtəlif sahələrdə insan fəaliyyətinin rolunu əsaslı şəkildə dəyişib. Bir çox sektorda qərarvermə, əməliyyat və analitik işlər artıq Aİ vasitəsilə həyata keçirilir, bu isə insan faktorunun arxa plana düşməsinə səbəb olub.
Xüsusilə informasiya texnologiyaları, maliyyə xidmətləri, istehsalat, media və jurnalistika kimi sahələrdə Aİ-nin iş prosesinə inteqrasiyası işçilərin rolunu azaltmış, bəzi peşələrdə insanın iştirakı minimuma enmişdir.
Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, 2025-ci il süni intellektin bir çox sahədə artıq sadəcə yardımçı alət deyil, iş prosesinin aktiv iştirakçısına çevrildiyi il oldu. Onun sözlərinə görə, bu mərhələdə əsas qərarverici və yönləndirici faktor hələ də insandır:
“Süni intellekt bu gün insanı əvəz edən deyil, onunla birlikdə işləyən yardımçı və komanda yoldaşı rolunu oynayır. Ən çox təsiri kontent və media istehsalı sahəsində görüldü. Xəbər mətnlərinin ilkin variantları, qısa informativ yazılar və SEO yönümlü məqalələr tez-tez AI tərəfindən hazırlanır. Amma xəbərin doğruluğu, etik çərçivəsi və mənbə yoxlaması hələ də insan jurnalistin üzərində qalır. Yəni insan faktoru arxa plana keçmir, sadəcə rolu dəyişir. Qrafik dizayn və vizual kontent sahəsində AI icra mərhələsində önə çıxdı. Sosial media vizualları, reklam eskizləri və sadə dizayn işləri avtomatlaşdırıldı. Dizayner isə kreativ istiqaməti müəyyən edən və brend dilini qoruyan əsas fiqur olaraq qalır. Müştəri xidməti və call center sahəsində AI standart sualların böyük hissəsini üzərinə götürdü. Amma emosional ünsiyyət, problem həlli və qərar tələb edən vəziyyətlərdə insan faktoru hələ də əsas rol oynayır”.
Mütəxəssis qeyd edib ki, marketinq və reklam planlamasında süni intellekt analitik işləri sürətləndirir:
“Auditoriya təhlili, testlər, performans proqnozlarında süni intellekt işləri sürətləndirir. Amma strategiya, mesaj dili və risk qərarları yenə də insan tərəfindən verilir. Video prodakşn və montaj sahəsində informativ və şablon formatlarda AI üstünlük qazandı. Lakin emosional hekayə, kreativ baxış və vizual dil hələ də insan yaradıcılığına bağlıdır. Proqramlaşdırma və texniki sahələrdə AI sürəti artırır, amma sistem arxitekturası, təhlükəsizlik və məsuliyyət tələb edən qərarlar insan mütəxəssislərin üzərində qalır. Vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır: nə bu gün, nə də yaxın gələcəkdə süni intellekt insanı tam əvəz edəcək kimi görünür. Əvəzində, süni intellekti işinə düzgün şəkildə yönləndirən, onu effektiv alət və komanda yoldaşı kimi istifadə edən insanlar və şirkətlər daha ön plana çıxacaq. Bu səbəbdən əsas tövsiyə budur ki, fiziki əmək tələb edən sahələr istisna olmaqla, demək olar ki, bütün sahələrdə çalışanlar gec olmadan süni intellektdən düzgün və məsuliyyətli istifadə etməyi öyrənməlidirlər. Bu, gələcəkdə rəqabət üstünlüyü deyil, artıq zəruri bacarıq olacaq”.
Niyaz Hacıyev
Sfera.az