ABŞ-nin San-Fransisko mərkəzli robototexnika şirkəti “Foundation” 2027-ci ilin sonuna qədər ordu üçün 50 min ədəd döyüşə hazır robot istehsal edəcəyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, şirkətin yaydığı məlumatda bildirilib ki, robotlar hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.


 


“Foundation”ın baş icraçı direktoru Sankaet Pathak istehsal planının əsas məqsədinin 2027-ci ilin sonunadək 50 min silahlı insan əli ilə idarə olunan robotu sahəyə çıxarmaq olduğunu deyib. Məlumata görə, şirkətin hazırladığı “Phantom MK-1” modeli 1,75 metr hündürlüyə və 82 kiloqram çəkiyə malikdir. Bu robotlar kəşfiyyat, bomba zərərsizləşdirmə və aktiv döyüş tapşırıqları üçün nəzərdə tutulub. Artıq onların ABŞ ordusunun müxtəlif bölmələri ilə logistika və təchizat razılaşmalarına daxil edildiyi bildirilib.


 


“Foundation”ın robotları silahlandırmaq qərarı robototexnika sektorunun aparıcı şirkətlərindən olan “Boston Dynamics” və digər istehsalçıların “silahlandırmama” mövqeyi ilə ziddiyyət təşkil edir. Şirkət rəhbərliyi isə iddia edib ki, bu texnologiya mülki itkilərin azalmasına xidmət edəcək və atəş açma mexanizmi tam şəkildə insan nəzarətində qalacaq. Şirkət robotları birbaşa satmaq əvəzinə, illik təxminən 100 min dollar qarşılığında icarəyə verməyi planlaşdırıb. İstehsal hədəfləri reallaşarsa, bu model “Foundation” üçün illik təqribən 5 milyard dollar gəlir vəd edir.


 


Qeyd edək ki, ABŞ ilə yanaşı Çin və Rusiya da oxşar texnologiyalar üzərində çalışır. Bu isə avtonom silah sistemləri ətrafında qlobal rəqabəti gücləndirməklə yanaşı, etik narahatlıqları da artırır. Birləşmiş Millətlər Təşkilatı və insan haqları təşkilatları “qatil robotlar” adlandırılan bu sistemlərin beynəlxalq səviyyədə tənzimlənməsi üçün dəfələrlə çağırışlar edib.


 


Bəsti Rəfizadə


Sfera.az