Polşa Prezidenti Karol Navrotski Varşavada Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə Kiyevin Polşanın göstərdiyi dəstəyə lazımi qiymət vermədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə o, “TVP Info” tərəfindən yayımlanan birgə mətbuat konfransında açıqlama verib. Navrotskinin sözlərinə görə, Polşa cəmiyyətində Ukraynaya göstərilən səylərin kifayət qədər dəyərləndirilmədiyi barədə təəssürat formalaşıb və bu məsələ Zelenski ilə müzakirə olunub.
“Biz bu tendensiyanı dəyişmək istəyirik”,– deyə Polşa lideri vurğulayıb. O həmçinin qeyd edib ki, Varşava 2022-ci ilin fevralından bu yana Kiyevə dəstək məqsədilə ÜDM-nin təxminən 5 faizini xərcləyib. Görüş zamanı tərəflər tarixi məsələlərə də toxunublar. Navrotski Volın qırğını qurbanlarının eksqumasiyası mövzusunun müzakirə edildiyini və bu problemlərin həllinin vacibliyini bildirib.
Polşa prezidenti daha əvvəl də Kiyev rəhbərliyini, o cümlədən Volodimir Zelenskini, Polşanın Rusiya-Ukrayna münaqişəsi çərçivəsində göstərdiyi yardıma görə kifayət qədər minnətdarlıq ifadə etməməkdə və Varşava üçün önəmli məsələləri diqqətdən kənarda saxlamaqda tənqid edib.
Niyaz Hacıyev
Sfera.az