ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını istisna etmədiyini bildirib. Trampın sözlərinə görə, Vaşinqton Karib hövzəsində davam edən gərginlik fonunda daha sərt addımlar ata bilər.
Sfera.az xəbər verir ki, ABŞ-Venesuela münasibətlərindəki mövcud vəziyyəti “NBC News” kanalına telefon müsahibəsində dəyərləndirən Tramp Venesuelaya qarşı hərbi variantın gündəmdə qaldığını deyib.
O, həmçinin Venesuelaya məxsus neft tankerlərinə qarşı tədbirlərin genişləndiriləcəyinə işarə edib. Hərbi addımların vaxtı ilə bağlı suala cavab verən Tramp, “Bu, vəziyyətdən asılıdır. Əgər dənizə çıxmağa davam edəcək qədər ağılsız olsalar, nəticədə bizim limanlarımızdan birinə qayıdacaqlar”,- deyə bildirib.
ABŞ prezidenti Venesuela Prezidenti Nicolas Maduronun devrilməsinin Vaşinqtonun əsas hədəfi olub-olmaması sualını cavabsız qoyub. Bununla belə, Tramp qeyd edib: “O, mənim nə istədiyimi tam olaraq bilir. Hətta hamıdan daha yaxşı bilir”.
Tramp xatırladıb ki, dekabrın 16-da Venesuela hakimiyyəti ABŞ tərəfindən “xarici terror təşkilatı” kimi tanınıb. Onun sözlərinə görə, Venesuela hazırda gücləndirilən dəniz mühasirəsi altındadır və bu proses Karakasın ABŞ-yə məxsus olduğu iddia edilən neft, ərazi və digər aktivləri geri qaytaranadək davam edəcək. ABŞ prezidenti əlavə edib ki, Venesuelaya daxil olan və ölkədən çıxan sanksiyaya məruz qalan bütün neft tankerlərinin bloklanması barədə göstəriş verilib.
Tramp vurğulayıb ki, ABŞ “düşmən rejimin” Amerika aktivlərini ələ keçirməsinə imkan verməyəcək. Qeyd edək ki, Vaşinqtonun bu açıqlamaları regionda gərginliyi daha da artırıb və beynəlxalq aləmdə narahatlıqla izlənilir.
Bəsti Rəfizadə
Sfera.az