ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tutan mühüm qanunu imzalayıb. Söhbət ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2026-cı il üçün siyasət və büdcə istiqamətlərini müəyyən edən 901 milyard dollarlıq Milli Müdafiə Səlahiyyətləri Aktından (NDAA) gedir.
Sfera.az xəbər verir ki, sözügedən qanunun qüvvəyə minməsi ilə 17 iyun 2020-ci ildə “Suriyanın iqtisadi bərpasını məhdudlaşdırmaq məqsədilə” qəbul edilmiş Sezar Suriya Mülki Əhalinin Müdafiəsi Qanunu rəsmi olaraq ləğv olunub.
Yeni mexanizmə əsasən, Donald Tramp qarşıdakı dörd il ərzində hər altı aydan bir Konqresə hesabat təqdim edəcək. Həmin hesabatlarda Dəməşqin xarici silahlı qrupların ölkədən çıxarılması, azlıqların hüquqlarına hörmət və İsraillə münasibətlər kimi əsas mövzularda atdığı addımlar əks olunacaq.
Sanksiyaların aradan qaldırılması Suriyada və regionda geniş rezonans doğurub. Suriya Prezidenti Əhməd Şara qərarı Suriya xalqı üçün mühüm dönüş nöqtəsi adlandırıb. O, sosial şəbəkədəki paylaşımında Suriya vətəndaşlarını təbrik edərək, prosesə dəstək verən Türkiyə, ABŞ, Qətər və Səudiyyə Ərəbistanına təşəkkür edib. “Əziz Suriya xalqı, bu gün sizin gününüzdür. Çətinlik dövrü arxada qaldı. Bu vətəni birlikdə quracağıq”, – deyə Şara bildirib.
ABŞ-nin Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barrak da qərarla bağlı açıqlama verərək Trampa təşəkkür edib və “Suriya yüksəlir” ifadəsini işlədib.
Məsələ ilə bağlı Azərbaycanın mövqeyi də açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçəli ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsini müsbət addım kimi qiymətləndirdiklərini bildirib.
Qeyd edək ki, Sezar Qanunu illərdir Suriyanın bank sektoru, enerji sahəsi və bərpa prosesinə ciddi məhdudiyyətlər yaradırdı. Sanksiyaların ləğvi ölkənin iqtisadi və siyasi bərpası baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bəsti Rəfizadə
Sfera.az