İllərdir sirli hadisələr və itkinlərlə gündəmə gələn Bermud üçbucağı (Bermud adaları) bu dəfə fövqəltəbii iddialarla deyil, elmi kəşflə diqqət mərkəzinə düşüb. Alimlər adanın altında indiyədək analoqu olmayan nəhəng bir geoloji quruluş müəyyən ediblər.
Sfera.az xəbər verir ki, “Geophysical Research Letters” jurnalında dərc olunan araşdırmaya əsasən, bu struktur Bermud adalarının altındakı okean qabığının dərhal altında yerləşir və təxminən 20 kilometr qalınlığa malikdir. Mütəxəssislər bildiriblər ki, bu, okean adalarının altında indiyədək qeydə alınmış ən qalın və ən qeyri-adi qaya təbəqələrindən biridir.
Tədqiqatçılara görə, məhz bu əlavə qaya qatı Bermud adalarının ətraf okean dibindən təxminən 500 metr daha hündürdə yerləşməsinə səbəb olub. Normal geoloji modellərdə okean qabığının altında birbaşa Yer mantiyasının olması gözlənilsə də, Bermuda adalarında bunun əvəzinə əlavə və fərqli bir struktur mövcuddur.
Alimlər hesab edirlər ki, milyonlarla il əvvəl baş vermiş qədim vulkanik proseslər zamanı ərimiş süxurlar yer qabığının altına daxil olaraq donub və zamanla nəhəng bir “qaya kütləsi” formalaşdırıb. Bu kütlə ətraf süxurlara nisbətən daha az sıxlığa malik olduğu üçün adanı bu günədək yuxarıda saxlayır.
Qeyd olunub ki, kəşf birbaşa qazıntılarla deyil, uzaq məsafələrdə baş verən zəlzələlərin yaratdığı seysmik dalğaların analizi yolu ilə edilib. Dalğaların Bermud adalarının altından keçərkən gözlənilməz şəkildə yavaşlaması alimlərə bu qeyri-adi quruluşun mövcudluğunu müəyyən etməyə imkan verib.
Mütəxəssislər vurğulayıblar ki, bu tapıntı təkcə Bermud adalarının sirrini açmır, eyni zamanda Yer kürəsinin daxili quruluşu, tektonik proseslər və qədim geoloji hadisələrin bu günə təsiri barədə elmi təsəvvürləri genişləndirib. Araşdırmaların dünyanın digər bölgələrində də oxşar strukturların olub-olmadığını müəyyən etmək üçün davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Bermud adalarının qeyri-adi xüsusiyyəti ilə əlaqədar olaraq ona "Şeytan Üçbucağı" adı da verilib.
Bəsti Rəfizadə
Sfera.az