Şaxta baba uzun illər yalnız uşaqlar üçün bayram personajı olmayıb. O, həm də böyüklər arasında da maraq doğurub. Psixoloqlar “santafiliya” adlandırılan bu marağın xüsusilə Milad mövsümündə artdığını bildirirlər.
Sfera.az xəbər verir ki, bu barədə "New York Post" yazır.
Məqalədə qeyd olunub ki, şaxta babaya qarşı romantik və estetik cazibə artıq nadir hal deyil və mədəni tendensiya kimi diqqət çəkir.
25 yaşlı Kassidi Koza deyir ki, bu maraq onda hələ uşaqlıqdan yaranıb və zamanla yetkin heyranlığa çevrilib. Onun sözlərinə görə, saqqal, özünəinam, liderlik və qayğı hissi bu cazibəni gücləndirən əsas amillərdir.
Psixoloqlar bildirirlər ki, Şaxta babanın cəlbediciliyi zahiri görünüşdən çox, daşıdığı simvolik məna ilə bağlıdır. Kinsey İnstitutunun mütəxəssisi Castin Lemillerə görə, bu obraz davranışları qiymətləndirən, mükafat və cəza mexanizmləri olan güc və nəzarət simvoludur. Onun sözlərinə görə, bu, eyni zamanda, səxavət və emosional təhlükəsizlik hissi yaradır.
47 yaşlı biznes məsləhətçisi Melissa Rosen isə bu marağının yeniyetməlik dövründə Şaxta babanı gündəlik həyatda gördükdən sonra yarandığını deyir. O hesab edir ki, bir çox insan ideal partnyorunu təsvir edərkən fərqinə varmadan məhz bu obrazı canlandırır.
Statistikalar da marağın artdığını göstərir. Dekabr ayında “Santa” açar sözü üzrə axtarışlar iki dəfədən çox artır, Milad mövzulu rol oyunları isə xüsusi populyarlıq qazanır. “Moda Şaxta Baba” kimi tanınan Pol Meysonun sosial mediada artan populyarlığı da bunu təsdiqləyir.
Mütəxəssislər vurğulayırlar ki, söhbət tabu və ya normadan kənar davranışdan deyil, tanış mədəni simvolun böyüklər dünyasında yenidən şərh edilməsindən gedir. Nəticə etibarilə, Şaxta baba artıq yalnız uşaqlar üçün deyil, böyüklər mədəniyyətində də özünəməxsus yer tutmağa başlayıb.
Firuzə Əliyeva
Sfera.az