ABŞ ilə Venesuela arasında gərginliyin yenidən artması qlobal enerji bazarlarında öz təsirini göstərməyə başlayıb. Vaşinqtonun Venesuelaya qarşı dəniz blokadasını gücləndirməsi bu ölkənin neft ixrac imkanlarının daha da məhdudlaşacağı ilə bağlı narahatlıqları artırıb.


 


Məhz bu risklər fonunda dünya bazarlarında neft qiymətlərində yüksəliş qeydə alınıb. Bazar ertəsi, dekabrın 22-də keçirilən səhər ticarətləri zamanı “Brent” markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 62,48 dollara yüksəlib.


 


ABŞ-nin yüngül “WTI” markalı neftinin qiyməti isə 58,79 dollar səviyyəsinə qədər bahalaşıb. Analitiklər bildirirlər ki, ABŞ-Venesuela qarşıdurması təkcə qısamüddətli qiymət dalğalanmalarına deyil, eyni zamanda enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliyə də səbəb ola bilər.


 


Maraqlıdır, bu gərginlik neft qiymətlərinə davamlı təsir göstərəcəkmi, yoxsa bazar yenidən tarazlığa qayıdacaq?


 


Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ötən həftə ABŞ Venesualanın neft kəndirini dartmaq yönündə addımlar atması bazara da təsir edib – neftin qiyməti artıq 62-nin altındadır. Onun sözlərinə görə, “Brent” markalı neftin qiymətinin 60 dollar ətrafında olması dünya üçün daha komfortludur:


 



 


“İstehsalçılar da, alıcılar da artıq bu qiymətə öyrəşiblər. Hələ ki, neftin qiymətini artıma yönəldəcək hansısa hadisə baş verməyib. Əgər proqnozlaşdırılmamış nə isə baş verməsə, gələn ilin ilk ayı neft 60-62 dollar dəhlizində ticarət edilməyə davam edəcək. Gələn il üçün beynəlxalq maliyyə qurumları, enerji agentlik və şirkətləri, həmçinin investisiya qurumları cari illə müqayisədə neft qiymətlərini 10 faizdən çox azalmasını proqnoz edirlər. Cari il üçün “Brent” markalı neftin qiyməti 68 dollar təxmin edilir. Ancaq bəzi qurumlar qiymətin 60-dan aşağı düşəcəyini düşünürlər”.


 


Mütəxəssis qeyd edib ki, istənilən halda, qiymətin azalması, hətta 62-63 olması belə bizim dövlətdə proqnoz etdiyimiz həddən aşağıdır. Bu da büdcəyə təzyiqdir:


 


“Bu səbəbdən hökumət 2026-cı ildən vergiləri və ümumiyyətlə büdcəyə hər hansısa yolla gələcək gəlirlərin əhatəsini genişləndirir. Biz arzu edərdik ki, bütün bunlar biznesin gennişləndirilməsi, iqtisadi mühitin daha da liberallaşması nəticəsində olsun. Büdcənin gəlirinin artırılması ancaq iqtisadi fəaliyyətdən yaranan vergilər hesabına deyil, həm də insanların sosial yüklə bağlı daim dövlətdən asılı olmadan iqtisadi fəaliyyət nəticəsində öz ehtiyaclarını qarşılaması ilə baş versin. Çox təəssüflə qeyd etmək lazımdır ki, nədənsə liberallaşma yolu yox, sərtləşmə yolu gedir. Görünür ki, hələ hökümət bu addımları atmaqla dövlət sektorunun yükünü azaltmağın birdən-birə olacağını düşünmür. Biz hələ də dövlət iqtisadiyyatından bazar iqtisadiyyatına “çayı üfürə-üfürə” keçirik”.


 


Firuzə Əliyeva


Sfera.az