Yay aylarında bir çox insan tərəzidə çəkisinin azaldığını görərək bunun isti hava ilə əlaqəli olduğunu düşünür.


 


“Yay gəlsin, onsuz da arıqlayacağam”, “İstidə adam özü-özünə arıqlayır”, “Nə qədər çox tərləsəm, bir o qədər yağ yandıraram” kimi fikirlər cəmiyyətdə kifayət qədər yayılıb.


 


Bəs həqiqətən isti hava yağların əriməsinə səbəb olurmu?


 


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan sağlam qidalanma üzrə mütəxəssis Elnur Nematova görə, bu fikirlər elmi baxımdan doğru deyil. Onun fikrincə, isti hava yağ yandırmır və yağ itkisini müəyyən edən əsas amil havanın temperaturu deyil, orqanizmin enerji balansıdır.


 



 


Mütəxəssis izah edib ki, bədən yağ ehtiyatlarından yalnız enerji tələbatı yarandıqda istifadə edir. Gün ərzində sərf olunan enerji qəbul edilən kaloridən çox olduqda orqanizm enerji əldə etmək üçün yağ depolarına müraciət edir. Bu proses isə yalnız qidalanma rejimi, fiziki aktivlik səviyyəsi, yuxu keyfiyyəti, hormonal balans və ümumi həyat tərzi ilə bağlıdır.


 


Elnur Nematovun sözlərinə görə, yay aylarında müşahidə olunan çəki azalmasının əsas səbəbi yağ itkisi deyil, bədəndən suyun çıxmasıdır:


 


“İsti havada daha çox tərləyirik və nəticədə orqanizm maye itirir. Bu zaman tərəzidə daha aşağı rəqəm görmək mümkündür. Məsələn, isti havada uzun müddət gəzdikdən və ya intensiv məşqdən sonra insan 1-2 kiloqram daha yüngül görünə bilər. Lakin sonradan su qəbul etdikdə həmin çəkinin böyük hissəsi geri qayıdır. Çünki itirilən yağ deyil, sudur”.


 


Mütəxəssis vurğulayıb ki, tərləmənin əsas funksiyası arıqlatmaq deyil, bədənin temperaturunu tənzimləməkdir. Tərləmə zamanı orqanizmdən əsasən su, natrium, kalium və digər minerallar xaric olur. Yağ hüceyrələri isə tərlə bədəndən çıxmır. Bu səbəbdən sauna qəbul etmək, qalın geyimlə məşq etmək, xüsusi “arıqladan” kostyumlarla qaçmaq və ya uzun müddət istidə qalmaq yağ itkisi yaratmır, yalnız müvəqqəti maye itkisinə səbəb olur.


 


Elnur Nematov məsələni sadə nümunə ilə belə izah edib:


 


“Təsəvvür edin ki, bir nəfər 40 dərəcə istidə kölgədə oturur, digər şəxs isə sərin havada bir saat sürətli yeriyir. Birinci adam daha çox tərləyə bilər. Ancaq ikinci şəxs daha çox enerji sərf etdiyi üçün yağ ehtiyatlarından daha çox istifadə etmiş olur. Deməli, yağ itkisini tərləmənin miqdarı deyil, enerji sərfiyyatı müəyyən edir”.


 


Mütəxəssis qeyd edib ki, insanların yayda daha asan arıqlaması da birbaşa isti hava ilə bağlı deyil. Onun fikrincə, yay aylarında insanlar daha çox hərəkət edir, daha çox piyada gəzir, açıq havada vaxt keçirir və daha yüngül qidalara üstünlük verirlər. Bu isə qəbul edilən kalorinin azalmasına və enerji sərfiyyatının artmasına səbəb olur.


 


“İnsanları arıqladan isti hava deyil, yay mövsümünün yaratdığı həyat tərzi dəyişiklikləridir”,– o əlavə edib.


 


E,Nematov sonda vurğulayıb ki, həqiqi yağ itkisi tərləmə hesabına deyil, düzgün qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və sağlam enerji balansı nəticəsində baş verir.


 


“Əgər məqsədimiz yağ itirməkdirsə, diqqətimizi tərləməyə yox, gündəlik qidalanmamıza, hərəkət səviyyəmizə və ümumi həyat tərzimizə yönəltməliyik. Çünki yağlar günəşin altında deyil, orqanizmdə enerji çatışmazlığı yarandıqda parçalanır”,– mütəxəssis bildirib. Firuzə Əliyeva Sfera.az