2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu qərar ölkədə urbanistik inkişafın yeni mərhələyə qədəm qoyması, şəhər mühitinin insan mərkəzli planlaşdırılması və memarlıq irsinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bəs gələn il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxt və region şəhərlərində hansı addımlar atıla bilər? Həmçinin regionlarda şəhərsalma sahəsində hansı yeniliklərin reallaşması gözlənilir?
Məsələ ilə bağlı memar Cahid Həsənov Sfera.az-a açıqlama verib.
Memarın sözlərinə görə, 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsi cənab Prezident tərəfindən təsdiqləndikdən sonra, təkcə memarlar üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün böyük sevincə çevrilib:
“Bu, o deməkdir ki, ölkənin hər yerində əvvəlki illərlə müqayisədə daha genişmiqyaslı, daha sistemli və daha estetik memarlıq və şəhərsalma işləri həyata keçiriləcək. Burada söhbət yalnız dövlət proqramları çərçivəsində icra edilən layihələrdən və ya dövlət sifarişi ilə inşa olunan tikililərdən getmir. Təbii ki, bu cür layihələr hər il mövcud olub və ildən-ilə bu sahəyə diqqət artıb. Ancaq əsas məqam ondan ibarətdir ki, artıq bu il çərçivəsində hər bir qurum, idarə və müəssisə də bu prosesə qoşulmalıdır. Xüsusilə 20–50 il əvvəl istifadəyə verilmiş inzibati binaların yenilənməsi aktuallaşır. Bu binaların üzlənmə materialları köhnəlibsə, aşınıbsa və ya estetik tələblərə cavab vermirsə, onlar müasir memarlıq yanaşmalarına uyğun yeni layihələrlə əvəz olunmalıdır. Eyni zamanda, həmin ərazilərdə mövcud olan yaşıllıq zolaqları daha da zənginləşdirilməli, abadlıq işləri genişləndirilməlidir. Özəl sektora gəldikdə isə istər MTK-lar, istərsə də yaşayış massivləri, yanacaqdoldurma məntəqələri və digər obyektlər inşa edən sahibkarlar əvvəlki illərlə müqayisədə daha keyfiyyətli, daha estetik və şəhər mühitinə uyğun layihələr təqdim etməlidirlər. Burada dövlət proqramları və dövlət büdcəsi hesabına görülən işlərlə yanaşı, özəl sektorun da fəal iştirakı ümummilli səviyyədə böyük bir memarlıq transformasiyasına səbəb olacaq. Bu proses onilliklər boyu ölkənin inkişafına ciddi töhfə verəcək”.
Mütəxəssis məsələnin yalnız binaların yenilənməsi və ya yaşıllıq zolaqlarının artırılması ilə məhdudlaşmadığını, Bakı şəhərinin iqtisadi və infrastruktur sistemində mövcud olan problemlərin də memarlıq və şəhərsalmanın ayrılmaz hissəsi olduğunu vurğulayıb:
“Xüsusilə yağışlı havalarda üzə çıxan kanalizasiya və suötürücü sistemlərin çatışmazlığı artıq məhəllə-məhəllə, küçə-küçə həll edilməlidir. Çünki bu sistemlərin böyük bir qismi 20-50 il əvvəl, sovet dövründə təxminən 1-1,5 milyon əhali üçün hesablanmışdı. Bu gün isə Bakı şəhəri turistlər də daxil olmaqla təxminən 4 milyonluq yük daşıyır və mövcud sistemlər bu yükə cavab vermir. Keçmişdə bir küçədə bir ərzaq mağazası, bir iaşə obyekti olduğu halda, bu gün eyni küçədə onlarla restoran, ticarət obyekti, şadlıq evi və çoxmərtəbəli binalar fəaliyyət göstərir. Təbii ki, bütün bunlar şəhər infrastrukturuna əlavə yük yaradır. Məhz “Memarlıq və Şəhərsalma İli”ndə bu problemlərin həlli üçün aidiyyəti qurumların daha konkret və sistemli addımlar atacağı gözlənilir.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə “yaşıl şəhər”, “yaşıl qəsəbə” və “yaşıl kənd” konsepsiyalarının daha intensiv şəkildə tətbiqi də əsas prioritetlərdən biri olacaq. Ən vacib məqamlardan biri isə özəl sektorda fəaliyyət göstərən, ciddi beyin mərkəzlərinə malik memarlarımızın dövlət qurumları ilə əməkdaşlığının genişlənməsidir. Bu əməkdaşlıq artıq “açıq qapı” və “körpü” formatında, daha çevik və səmərəli şəkildə qurulacaq. Bu proses yüzlərlə, minlərlə memar, mühəndis, konstruktor və dizayner üçün yeni iş yerlərinin açılması deməkdir. Üstəlik, layihələrin təqdimatı ilə iş bitmir: 2026-cı il ərzində bu layihələrin icrası, tikinti mərhələləri davam edəcək. Nəticə etibarilə, on minlərlə insan üçün məşğulluq imkanları yaranacaq. Bu baxımdan “Memarlıq və Şəhərsalma İli”nin elan edilməsi Azərbaycan memarlığı və şəhərsalmasının intensiv və dayanıqlı inkişafına xidmət edən, son dərəcə əhəmiyyətli və strateji bir qərardır. Biz də memarlar olaraq bu prosesi məmnuniyyətlə qarşılayır və artıq bu istiqamətdə işlərə başlamışıq”.
Bəsti Rəfizadə
Sfera.az