Finlandiya uzun illərdir dünyada ən nümunəvi təhsil sisteminə malik ölkələrdən biri kimi göstərilir. Bu ölkənin təhsil modeli beynəlxalq araşdırmalarda, xüsusilə də şagird nailiyyətlərini ölçən hesabatlarda yüksək nəticələrlə seçilir. Finlandiyada uşaqların dərs yükü azdır, ev tapşırıqları ya ümumiyyətlə verilmir, ya da çox məhdud həcmdə olur, imtahanlar minimuma endirilir və əsas diqqət uşağın psixoloji rahatlığına, fərdi inkişafına yönəldilir.
Azərbaycanda isə təhsil sistemi fərqli yanaşma üzərində qurulub. Burada daha çox imtahan nəticələri, qiymətlər və proqramın tam icrası ön plandadır. Ev tapşırıqlarının çoxluğu, dərs saatlarının ağır olması və rəqabət mühiti uşaqların gündəlik həyatının əsas hissəsinə çevrilir. Bu fərqli yanaşmalar cəmiyyətdə tez-tez müzakirə olunan suallar doğurur.
Ev tapşırığının az olması uşağın bilik səviyyəsinə həqiqətən təsir edirmi? Finlandiya modelindən hansı elementlər Azərbaycanda tətbiq edilə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, bəzən Finlandiya təhsil sistemi ilə bağlı həddindən artıq şişirdilmiş fikirlər səsləndirilir:
“Xüsusilə “Finlandiyada ev tapşırığı yoxdur” fikri reallığı əks etdirmir. Dünyada ev tapşırığı olmayan heç bir təhsil sistemi yoxdur və Finlandiya da bu istisnaya daxil deyil. Sadəcə olaraq, Finlandiyadakı ev tapşırıqları ilə bizim ölkədə verilən ev tapşırıqları arasında ciddi fərqlər mövcuddur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarında 1–11-ci siniflər üzrə ev tapşırıqlarına sərf edilməli olan vaxt konkret göstərilib. Qərara əsasən, 1-ci sinifdə ev tapşırıqlarının icrası üçün 1 saat, 2–3-cü siniflərdə 1,5 saat, 4-cü sinifdə 2 saat, 5–6-cı siniflərdə 2,5 saat, 7–8-ci siniflərdə 3 saat, 9–11-ci siniflərdə isə 4 saat vaxt nəzərdə tutulur. Bu, ev tapşırıqlarına sərf edilməli olan maksimum vaxtdır. Araşdırmalar göstərir ki, Finlandiyada da ev tapşırıqlarına ayrılan vaxt təxminən bu qədərdir. İbtidai siniflərdə hər fənn üzrə mövzunu mənimsəmək üçün adətən 10–20 dəqiqəlik tapşırıqlar verilir. Yuxarı siniflərdə isə bu müddət nisbətən artır”.
Ekspert Azərbaycanda ev tapşırığının çox vaxt öhdəlik kimi verildiyini, Finlandiyada isə dəstək mexanizmi kimi təqdim olunduğunu bildirib:
“Finlandiya təhsil sistemi onu əsas götürür ki, bütün valideynlər övladlarına ev tapşırığında kömək etməyə bilər. Bu səbəbdən ev tapşırıqlarının icrası tədris prosesinin bir hissəsinə çevrilir. Məktəbdə xüsusi saatlar ayrılır ki, şagirdlər müəllim dəstəyi ilə tapşırıqları yerinə yetirə bilsinlər. Məsələnin əsas mahiyyəti də məhz buradadır. Finlandiyada ev tapşırıqlarının məqsədi çoxlu tapşırıq vermək deyil, nəticə yönümlü və məqsədli tapşırıqlar təqdim etməkdir. Bizdə isə əksər hallarda ev tapşırıqları şagirdin sadəcə mövzunu əzbərləyib təqdim etməsinə yönəlir. Məsələn, Finlandiyada bir mövzunun mənimsənilməsi üçün 5–8 əsas sual verilir. Oxu tapşırıqları adətən mətn və ona aid 2–3 sualdan ibarət olur. Həftədə isə ən azı bir yaradıcı tətbiqetmə tapşırığı verilir. Xüsusilə ibtidai siniflərdə hər gün müntəzəm oxu tapşırıqları əsas yer tutur. Bizdə isə ev tapşırıqları daha çox çalışma və test həllinə yönəldilir. Yuxarı siniflərdə Finlandiyada tapşırıqlar daha məqsədli və müstəqil düşünməyə hesablanmış olur. İbtidai siniflərdə isə əsas prinsip dəstəkdir”.
E.Qafarov bildirib ki, ən mühüm fərqlərdən biri isə “geri bildirim” anlayışıdır:
“Finlandiyada ev tapşırıqları mütləq şəkildə yoxlanılır və analiz edilir. Yalnız “yazıb-yazmamaq” yox, tapşırığın necə yerinə yetirildiyi əsas götürülür. Kiçik yoxlamalar, şifahi izahlar, rubriklər və formativ qiymətləndirmə geniş tətbiq olunur. Bizdə isə formativ qiymətləndirmə çox vaxt müəllimin subyektiv yanaşmasına əsaslanır və bu mexanizm hələ də tam mənimsənilməyib. Finlandiya təhsilinin digər üstünlüklərindən biri imtahanların və testlərin azlığıdır. Bizdəki kimi tez-tez keçirilən monitorinqlər, sınaq testləri və summativ qiymətləndirmələr mövcud deyil. Qiymətləndirmə əsasən müəllimin məsuliyyəti və peşəkarlığı üzərində qurulur. Ən əsas fərq isə yanaşmadadır: Finlandiyada məqsəd uşağın nə qədər çox öyrənməsi deyil, öyrənməyə olan motivasiyasının nə qədər güclü olmasıdır. Şagirdin psixoloji və emosional vəziyyəti, öyrənmədən zövq alması əsas prioritetdir. Bizdə isə proqramlar həddindən artıq ağırdır. Hətta ali təhsilli və peşəkar ibtidai sinif müəllimləri belə proqramı çatdırmaqda çətinlik çəkirlər. Halbuki dövlət standartlarında (Nazirlər Kabinetinin 365 saylı qərarı) açıq şəkildə göstərilir ki, proqramlara ağırlaşdırıcı və məlumatyönlü materiallar salınmamalıdır.
Finlandiyada müəllim olmaq üçün minimum magistratura səviyyəsində təhsil tələb olunur. Çünki onlar təhsili sadəcə pedaqoji yox, elmi-pedaqoji fəaliyyət kimi qəbul edirlər. Bizdə isə hələ də orta ixtisaslı kadrlar bu sahəyə cəlb olunur. Finlandiya təcrübəsindən götürülə biləcək əsas məqamlar bunlardır: ev tapşırıqlarının sayı deyil, keyfiyyəti əsas olmalıdır, məktəbdə ev tapşırıqlarının icrası üçün xüsusi saatlar ayrılmalıdır, müəllim dəstəyi təmin olunmalıdır, qiymətləndirmə cəza yox, inkişaf mexanizmi olmalıdır, şagirdin psixoloji rahatlığı və motivasiyası hər şeydən önə çəkilməlidir".
Bəsti Rəfizadə
Sfera.az