İran son vaxtlar 40-50 il əvvəl istehsal olunmuş, nasaz hərbi texnikaları təmir edərək yenidən silahlı qüvvələrin istifadəsinə verir. Bu yanaşma yalnız texniki seçim deyil, ölkənin hərbi-siyasi strategiyasını, iqtisadi reallıqlarını və beynəlxalq mühitdə tutduğu mövqeni əks etdirən kompleks bir göstərici kimi dəyərləndirilir.
Maraqlıdır, İranın bu tədbirləri görməsi nəyin əlamətidir? İqtisadi vəziyyət orduya daha müasir silahların alınmasına imkan vermir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İran İslam Respublikasında 1979-cu ildə baş vermiş İslam İnqilabından sonra Qərb ölkələri ilə münasibətlər kəskin şəkildə pisləşib:
“Həmin dövrdən etibarən İrana qarşı bir sıra siyasi və iqtisadi məhdudiyyətlər, genişmiqyaslı sanksiyalar tətbiq olunmağa başladı. Bu proseslər bu günə qədər davam edir. Baxmayaraq ki, Qərbdə müxtəlif siyasi institutlar, analitik mərkəzlər, laboratoriyalar və beyin mərkəzləri uzun illərdir İranda rejim dəyişikliyi ilə bağlı planlar, ssenarilər və tədqiqatlar aparırlar, reallıqda vəziyyət dəyişməz olaraq qalır və oxşar siyasi-geosiyasi proseslər davam edir. Nəzərə almaq lazımdır ki, mövcud şərtlər İran dövlətinin yeni və müasir hərbi silah sistemləri əldə etmək, yaxud qabaqcıl texnologiyalara çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu, bir tərəfdən ölkənin iqtisadi resurslarının məhdudluğu ilə əlaqədardırsa, digər tərəfdən Qərbin İrana silah satmaqdan qəti şəkildə imtina etməsi ilə izah olunur. Xüsusilə İranın İsrail ilə uzun illərdir davam edən qarşıdurması bu mövqeyi daha da sərtləşdirir”.
Onun sözlərinə görə, İran-İsrail münasibətlərindəki gərginlik son dövrlərdə açıq hərbi toqquşma mərhələsinə keçib:
“Son 12 günlük müharibə bir daha göstərdi ki, müasir dövrdə texnologiya və kəşfiyyat məlumatları həlledici rol oynayır. İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın nüvə proqramı üzərində çalışan alimlər, eləcə də hərbi generalitetin bəzi yüksək rütbəli nümayəndələri həlak olub ki, bu da Tehran üçün ciddi təhlükəsizlik siqnalları yaradıb. Baş verənlər İranı mövcud imkanlarını yenidən qiymətləndirməyə, hərbi-strateji yanaşmalarını gözdən keçirməyə məcbur edir. Müşahidə olunan əsas tendensiyalardan biri ondan ibarətdir ki, İran artıq 40-50 yaşı olan silah və sursatları modernləşdirməyə çalışır. Lakin bu modernləşdirmənin real döyüş meydanında nə dərəcədə effektiv olacağı, bu silahların müasir texnologiyalarla nə səviyyədə təchiz ediləcəyi və potensial müqavimət imkanları ciddi suallar doğurur.
Çünki dünya sürətlə inkişaf edir və süni intellektin yaratdığı imkanlar müharibə sahəsindən də yan keçmir. Bu gün müasir müharibələr artıq klassik silahlardan daha çox radio-elektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları (dronlar), dəqiq idarə olunan raket sistemləri, eləcə də monitor qarşısından idarə olunan hücum və müdafiə mexanizmləri üzərində qurulur. Belə bir şəraitdə köhnə silahların modernləşdirilməsi ilə texnoloji üstünlük əldə etməyin nə qədər mümkün olduğu isə açıq sual olaraq qalır”.
Bəsti Rəfizadə
Sfera.az