Son bir ildə qızılın qiyməti davamlı artır. Bu artımlar sayəsində qızılın bir troya unsiyasının qiyməti 7650 manatı, bir qramının dəyəri isə 245 manatı ötüb.
Qızılın bahalaşması ondan hazırlanan zinət əşyalarının da dəyərinin yüksəlməsinə səbəb olur. Bu vəziyyət qızıl-zinət əşyalarının əlçatanlılığını çətinləşdirir.
Buna görə də qızılın qiymətinin xeyli artmasını nəzərə alaraq Azərbaycanın qızıl-zinət bazarında daha aşağı əyarlı qızıl məhsulların satışına şərait yaradılmalması yaxşı olardı.
Hazırda zinət əşyalarının istehsalında istifadə edilən qızılların ən aşağı əyarı 583-dür. Amma Türkiyədə 333 əyar qızıldan da istifadə edilir.
Qızılın bahalaşmasını nəzərə alsaq aşağı əyarlı qızıldan hazırlanan məhsulların təklifi artırılmalıdırmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli son bir ildə qızılın qiymətinin kəskin artmasının Azərbaycanda qızıl-zinət əşyalarının əlçatanlığını xeyli azaltdığını deyib.
Onun sözlərinə görə, qızılın bahalaşması xüsusilə orta və aşağı gəlirli ailələr üçün qızıl məmulatlarının alınmasını çətinləşdirir.
Ekspert bu şəraitdə Azərbaycanın qızıl-zinət bazarında daha aşağı əyarlı qızıl məhsulların satışına şərait yaradılmasının məqsədəuyğun ola biləcəyini dedi:
"Hazırda bazarda istifadə edilən ən aşağı əyar 583-dür və bu əyar artıq kifayət qədər bahalı sayılır. Halbuki Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə 333 və 375 əyarlı qızıldan hazırlanmış zinət əşyaları geniş istifadə olunur və bu, bazarda həm qiymət baxımından, həm də seçim imkanları baxımından müsbət təsir yaradır.
Aşağı əyarlı qızıl məhsulların təklifi qiymətlərin nisbətən aşağı olmasına, qızıl-zinət əşyalarının daha geniş kütlə üçün əlçatan olmasına şərait yarada bilər. Bu cür qızıllar əsasən gündəlik istifadə və bəzək məqsədi daşıyır, investisiya və ya yığım aləti kimi isə daha zəif dəyərə malikdir. Bu fərqin istehlakçılara açıq və aydın şəkildə izah edilməsi vacibdir”.
İqtisadç digər tərəfdən, aşağı əyarlı qızılın bazara buraxılmasının müəyyən risklər də yarada biləcəyini də əlavə edib:
"Ən böyük risk istehlakçıların aldadılması və ya çaşdırılmasıdır. Əgər əyar nişanları aydın göstərilməzsə və satış zamanı düzgün məlumat verilməzsə, bu, narazılığa səbəb ola bilər. Buna görə də belə məhsulların satışına icazə veriləcəyi halda dövlət nəzarəti, sertifikatlaşdırma və əyar yoxlamaları gücləndirilməlidir.
Ümumilikdə, qızılın qiymətinin yüksək olduğu indiki dövrdə aşağı əyarlı qızıl-zinət əşyalarının satışına şərait yaradılması bazarın canlanmasına, alıcıların seçim imkanlarının artmasına və qızılın yenidən daha əlçatan olmasına kömək edə bilər. Bunun üçün əsas şərt şəffaflıq, güclü nəzarət mexanizmləri və istehlakçıların düzgün məlumatlandırılmasıdır”.
Fidan Hacızadə
Sfera.az