İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, ölkəsinin nüvə proqramı yalnız sülhməqsədlidir və beynəlxalq miqyasda ən sərt nəzarət mexanizmləri altında həyata keçirilir.




ABŞ ilə mümkün danışıqlara münasibət bildirən diplomat vurğulayıb ki, Tehran ədalətli və məzmunlu dialoqa açıqdır. Lakin Vaşinqtonun uranın zənginləşdirilməsindən tam imtina tələbinin İranın qanuni hüquqlarına zidd olduğunu qeyd edib. İrəvani əlavə edib ki, İran təzyiq və hədələr qarşısında geri çəkilməyəcək.




ABŞ-nin rəsmi nümayəndəsi Morqan Ortaqus isə cavab olaraq İran tərəfinə müraciətlə bildirib: 


 


“Risk etməyin. Prezident Trampın uzatdığı diplomatik əli qəbul edin. Bu əl hələlik sizə doğru uzadılıb”.


 


İran və ABŞ bu məsələdə niyə uzlaşa bilmir? Razılaşmaya maneə olan prinsipial məsələ nədir?




Sfera.az-a bununla bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, İran və ABŞ arasında uzlaşmanın mümkünsüzlüyü həm də tərəflərin nüvə proqramının mahiyyəti ilə bağlı ortaq mövqeyə gələ bilməməklərindən qaynaqlanır:


 


“ABŞ əsas risk olaraq İranın nüvə potensialının gələcəkdə hərbi istiqamətə yönələ bilməsini irəli sürür. Bu səbəbdən ABŞ administrasiyası zənginləşdirmənin tam dayandırılmasını tələb edir və bunu regionda sabitliyin qorunması üçün zəruri şərt kimi təqdim edir. ABŞ rəsmisinin açıqlamaları da məhz bu təhlükəsizlik yanaşmasının davamı kimi şərh edilə bilər. Digər tərəfdən, ABŞ qarşı tərəfə həm də etimad göstərməkdə çətinlik çəkir. Keçmiş razılaşmaların taleyi regionda və beynəlxalq aləmdə qarşılıqlı etimadı ciddi şəkildə sarsıdıb. Bu fonda Vaşinqton daha sərt və geri dönməz mexanizmlər tələb edir. Məsələnin daha bir həssas tərəfi regional kontekstdir”.


 



Ü.Zülfiqar Yaxın Şərqdə güc balansının, İsrail və Körfəz ölkələrinin yanaşmaları ABŞ-nin mövqeyini daha da sərtləşdirdiyini qeyd edib:


 


“İran isə öz növbəsində nüvə proqramını regional rəqabətdə strateji alət kimi görür və bu rıçaqdan könüllü şəkildə imtina etməyə hazır deyil. Bundan əlavə, danışıqlara mane olan vacib amillərdən biri də daxili siyasət məsələləridir. İranda hakimiyyət nüvə proqramı təkcə enerji və ya texnologiya məsələsi deyil, illərdir formalaşdırılan “müqavimət siyasəti”nin simvolu kimi təqdim edib. İran dialoqu sanksiyaların mərhələli şəkildə ləğvi və bərabərhüquqlu münasibətlərin bərpası vasitəsi kimi görür və bu da danışıqlarda çətinlik yaradır. Bu kimi yanaşmalar dialoqun hər raundunu təkcə texniki deyil, bir növ siyasi qarşıdurmaya çevirir və kompromisi gecikdirir”.


 


Fidan Hacızadə

Sfera.az