Hər il eyni tarix yenidən xüsusi məna qazanır. Təqvimdəki 1 yanvar cəmiyyət üçün sanki yeni həyatın başlanğıcı kimi qəbul edilir.
İnsanlar problemlərin geridə qalacağına, hər şeyin birdən-birə dəyişəcəyinə inanır. Bəs bu inanc haradan qaynaqlanır və niyə bu qədər güclüdür?
Sfera.az bu barədə araşdırmasını təqdim edir:
Psixoloqlar bildirir ki, Yeni ilə yüklənən bu “sehr” insanın zamana ehtiyacından doğur. Təqvim bizə keçid nöqtələri yaradır, çətin dövrlərin bitəcəyinə dair ümid verir. 1 yanvar da məhz bu baxımdan “təmiz səhifə” illüziyası formalaşdırır və insanı psixoloji olaraq rahatladır. Yeni il, eyni zamanda yenidən başlama hissi yaradır. İnsanlar bu tarixdən etibarən vərdişlərini dəyişəcəklərinə, səhvləri geridə qoyacaqlarına inanır.
Bu gün simvolik olaraq “sıfır nöqtəsi” kimi qəbul edildiyi üçün məsuliyyət hissi də bir qədər zəifləyir. Kollektiv inanc da bu təsiri gücləndirir. Milyonlarla insanın eyni anda eyni arzuları diləməsi, eyni gecəni qeyd etməsi birlik və ortaq emosional dalğa yaradır. Bu zaman insan tək olmadığına inanır və ümid daha real görünür. Lakin reallıq dəyişmir. 1
yanvardan sonra 2 yanvar gəlir və həyat əvvəlki axarı ilə davam edir. Yeni il avtomatik dəyişiklik düyməsi deyil, sadəcə fasilədir. Bu fasilə insana düşünmək, nəfəs almaq və gələcək addımlarını planlaşdırmaq imkanı verir. Mütəxəssislər qeyd edir ki, möcüzəyə inanmaq yalnız hərəkətsizliyi əvəz etdikdə təhlükəlidir. Əks halda, bu inanc motivasiya və müvəqqəti psixoloji dəstək rolunu oynaya bilər. Əsas məsələ dəyişikliyin bir proses olduğunu qəbul etməkdir. Yeni ilin ən real funksiyası hər şeyin birdən dəyişməsi yox, dəyişiklik ehtiyacını dərk etmək və ona doğru ilk addımı atmaq üçün uyğun başlanğıc nöqtəsi yaratmaqdır.
Firuzə Əliyeva
Sfera.az