ABŞ Administrasiyası Qəzzada Sülh Şurasında yer almaq istəyən hər bir dövlətdən 1 milyard dollar tələb edib. Sənədə əsasən, Sülh Şurasında qərarlar səs çoxluğu ilə qəbul ediləcək. Hər bir üzv dövlət üç ildən artıq vəzifə tuta bilməz və bir səsə malikdir. Bununla yanaşı, bütün qərarları sədr Donald Tramp təsdiqləyəcək. 




Maraqlıdır, Sülh Şurasına üzv olan dövlətlər 1 milyard dollar pul ödəyəcəkləri halda qazancları nə olacaq? 




Bu haqda Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayavenın fikrincə, Qəzzada yaradılması nəzərdə tutulan Sülh Şurasında iştirak üçün 1 milyard dollar tələb olunması, bu mexanizmin humanitar təşəbbüsdən çox siyasi-strateji alət kimi dizayn edildiyini göstərir.


 


Onun sözlərinə əsasən, formal olaraq üzv dövlətlərin bir səsə malik olması və rotasiya prinsipi kollektiv qərarvermə görüntüsü yaratsa da, bütün qərarların sədr kimi Donald Tramp tərəfindən təsdiqlənməsi real güc balansının Vaşinqtonun xeyrinə qurulduğunu açıq şəkildə ortaya qoyur:


 





“Bu çərçivədə ödənilən vəsait faktiki olaraq sülh prosesində iştirak haqqından çox, ABŞ-nin formalaşdırdığı yeni regional düzəndə “masa arxasında yer almaq” üçün giriş biletinə bənzəyir. Yəni söhbət yalnız Qəzza ilə bağlı qərarlardan deyil, Yaxın Şərqin gələcək siyasi və təhlükəsizlik arxitekturasında söz sahibi olmaq imkanından gedir”.




Ekspert üzv dövlətlər üçün potensial “qazanc”ın bir neçə səviyyədə formalaşa biləcəyini qeyd edib:




“Birincisi, Qəzza sonrası bərpa layihələrində, infrastrukturun yenidən qurulmasında və humanitar axınların idarə edilməsində prioritet iqtisadi və siyasi rol əldə etmək mümkündür. İkincisi, ABŞ ilə strateji münasibətləri möhkəmləndirmək, Vaşinqtonun təhlükəsizlik və diplomatik dəstəyini təmin etmək bu məbləğin əsas motivasiya mənbələrindən biridir. Üçüncüsü isə, regional rəqiblərin prosesdən kənarda qalması fonunda Şurada yer almaq, həm nüfuz, həm də gələcək regional razılaşmalarda leverage deməkdir. Beləliklə, 1 milyard dollar üzvlük haqqı humanitar məqsədlərdən daha çox geosiyasi dividendlər, iqtisadi imtiyazlar və ABŞ ilə yaxınlaşma qarşılığında ödənilən siyasi investisiya kimi dəyərləndirilə bilər”.




Bəsti Rəfizadə

Sfera.az