Suriya ordusu Fərat çayının şərqində yerləşən bəzi əraziləri, o cümlədən Deyr əz-Zor vilayətindəki çoxlu sayda qəsəbə və kəndi azad edib. Həmin ərazilər YPG-nin nəzarətində idi. Məlumata görə, Suriya dövləti YPG-nin nəzarətində olan digər əraziləri də geri qaytarmaq istəyir. Bu əməliyyata qədər YPG-nin nəzarətində Suriya ərazisinin təxminən 30 faizi var idi.
Bəs Suriya digər ərazilərin də azad olunmasına nail ola biləcəkmi? Mövcud siyasi konyuktur buna imkan verirmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun sözlərinə əsasən, ümumiyyətlə, 2024-cü ildən başlayaraq Suriyada tamamilə yeni siyasi reallıq meydana gəlib.
Onun fikrincə, hökumətin rəhbəri Əhməd əş-Şara bütün Suriya ərazisində mərkəzi hakimiyyətin nəzarətini təmin etmək istəyir:
“Yəni bunu həm öz çıxışlarında bildirir, həm də davranışlarında nümayiş etdirir. Xüsusilə də orada kürdlərin fəallığı hər zaman aydın müşahidə olunub. Amma Keçid hökuməti həm siyasi xarakterli addımlar atmaqla, həm də hərbi kampaniyalar keçirməklə bütün ölkə üzərində nəzarətini təmin etməyə çalışır. Bu, aydın müşahidə olunan reallıqdır. Məqsəd, bütün ölkə üzərində nəzarəti həyata keçirməkdir. 2025-ci ilin mart ayında bildiyimiz kimi, kürd birləşmələri ilə Dəməşq hakimiyyəti arasında razılaşma əldə olundu. Razılaşmanın mahiyyəti ondan ibarət idi ki, kürd silahlı birləşmələri, yəni Suriya Demokratik Qüvvələri, silahı yerə qoymalı və mərkəzi hakimiyyətlə inteqrasiya olunmalı idi. Bu, əsasən ölkənin Şimal-Şərq əyalətlərini əhatə etməli idi. Amma Fərat çayından qərbə doğru ərazilər bu razılaşmadan kənarda qalmışdı. İndiki şəraitdə, yəni kürtlərlə mərkəzi hakimiyyət arasında hərbi eskalasiyanın əsas səbəbi, kürt silahlı birləşmələrinin razılaşmanın şərtlərinə əməl etməməsi ilə əlaqələndirilir. Ümumiyyətlə, burada qarşılıqlı ittihamın olduğunu görürük. Tərəflər bir-birlərini razılaşmanın şərtlərinə əməl etməməkdə günahlandırırlar”.
Eks parlamentarinin sözlərinə əsasən, hökumət qüvvələri kürdlərin inteqrasiya prosesindən yayındığını əsas gətirərək ölkənin şimal-şərq istiqamətində hərbi əməliyyatlara başladılar və Rəqqa şəhərini nəzarətə götürdülər:
“Ümumiyyətlə, Hələb ətrafındakı bölgələr də nəzarətə götürülmüş oldu. Bu ərazilər olduqca əhəmiyyətlidir, çünki Deyr əz-Zor vilayətində böyük neft və qaz yataqları mövcuddur. Hökumət qüvvələri həmin yataqları da nəzarətə götürüblər. Belə olan halda, razılaşmaya daxil olmayan ərazilər istiqamətində də hərəkət etdiklərinə görə, Suriya Demokratik Qüvvələri hökuməti ittiham edir. Eyni zamanda, BƏƏ, Fransa və hətta İraq Bərzani hökuməti Keçid hökumətini, yəni Əhməd əş-Şara hökumətini hərbi eskalasiyada günahlandırırlar və BƏƏ yenidən sanksiyalar tətbiq edəcəyi ilə hədələyirlər. Görünür ki, burada əş-Şara siyasi dilemmanın qarşısındadır. Bir tərəfdən onun BƏƏ ilə təmasları mövcuddur, ABŞ-yə səfəri də yaxşı xatırlanır. Digər tərəfdən, Suriya Demokratik Qüvvələrinə qərbdən dəstəyin olduğunu görürük. Ümumiyyətlə, xəritəyə diqqət yetirsək, görərik ki, Kürd Silahlı Birləşmələrinin yerləşdiyi ərazi, yəni Dəməşqdən şimal-şərq istiqaməti, əsasən Türkiyənin cənub-şərq sərhədlərinə təsadüf edir. Bu da Türkiyə sərhəd təhlükəsizliyi üçün daim təhdid yaradır. Qeyd etmək lazımdır ki, Suriyada vətəndaş müharibəsi dövründə Türkiyə sərhəd boyu ərazilərinin bir qismi Kürd Silahlı Birləşmələrinin nəzarəti altında idi. Hətta orada onlar öz dövlətlərini elan etmişdilər. Hazırda vəziyyət kifayət qədər gərgindir və yekun olaraq hesab edirəm ki, tərəflər arasında ortaq nöqtə tapılmasa, silahlı qarşıdurma davam edəcəkdir”.
Bəsti Rəfizadə
Sfera.az