İranın Ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən mümkün zərbə ilə bağlı hərbi-təhlükəsizlik qurumlarından gələn xəbərdarlıqlara görə yeraltı sığınacaqda (bunkerdə) gizlənib.
Lakin bu, ilk deyil. Xamenei dəfələrlə yeraltı bunkerlərdə gizlənib.
Bu iddialar bir daha dünya tarixində liderlərin təhlükə zamanı sığınacaqlara çəkilməsi və bəzən bu gizlənmələrin ölüm və ya ələ keçirilmə ilə nəticələnməsi faktını gündəmə gətirib.
Lakin tarix göstərib ki, bunker və yeraltı sığınacaqlar yalnız qorunma vasitəsi olmayıb, bəzi liderlər üçün son ünvana çevrilib.
Sfera.az tarix boyu müharibə zamanı sığınacaqlarda gizlənmiş dünya liderlərini araşdırıb. Siyahının əvvəlində bunkerdə gizlənən və orada intihar edən Adolf Hitler dayanıb.
Adolf Hitler
1945-ci ilin yanvarında Almaniyanın nasist lideri Adolf Hitler Sovet ordusunun Berlinə yaxınlaşması ilə “Führerbunker” adlanan yeraltı sığınacağa çəkilib. Müharibənin taleyi artıq həll olunmuşdu. 30 aprel 1945-ci ildə Hitler bunkerdə intihar edib. Onun həyat yoldaşı Eva Braun da eyni bunkerdə həyatına son qoyub. Bu hadisə tarixdə bunkerdə gizlənib ölən ən yüksək rütbəli siyasi lider nümunəsi kimi qeydə alınıb. Lakin tədqiqatçıların firkincə, Hitler intihar etməyib və o bunkerdən qaçıb.
Səddam Hüseyn
İraqın keçmiş lideri Səddam Hüseyn də yeraltı sığınacaqda gizlənən ölkə başçıslarından biridir. Lakin o, Hitler kimi intihar etməyib. Səddam Hüseyn 2003-cü ildə ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən devrildikdən sonra aylarla gizlənib. O, Tikrit yaxınlığında yeraltı sığınacaqda tapılaraq ələ keçirilib. Birbaşa bunkerdə öldürülməsə də, gizlənmə mərhələsindən sonra tutulub məhkəmə yolu ilə edam edilən liderlərdən biri olub. Onun işi müasir dövrdə bunker və sığınacaqlarda gizlənən liderlərin aqibətinin necə dəyişə biləcəyini göstərən əsas nümunələrdəndir.
Həsən NəsrullahA
Livandakı Hizbullah təşkilatının lideri Həsən Nəsrullah da yeraltı sığınacaqda gizlənənlər siyahısına daxildir. O, 2006-cı ildə İkinci Livan Müharibəsindən sonra yeraltı bunkerlərdə uzun müddət gizlənib və ictimai çıxışlarını kəskin şəkildə məhdudlaşdırıb. İsrail kəşfiyyatı bu sığınacaqları uzun müddət tapmağa çalışıb, çünki onun yeri çox vaxt bilinmirdi. Nəsrullah Hizbullahın lideri kimi bir neçə sui-qəsd cəhdindən sağ çıxmış və 2006-cı ildən çox vaxt ictimaiyyət qarşısına çıxmır, yalnız nadir hallarda televiziya vasitəsilə çıxışlar edirdi. Nəsrullahın liderliyi onun İsrailə qarşı mübarizədəki mövqeyi və Hizbullahın Livandakı siyasi təsiri, onu Yaxın Şərqdə mübahisəli, lakin güclü bir lider kimi formalaşdırıb. 27 sentyabr 2024-cü ildə İsrail Silahlı Qüvvələri bildirib ki, Nəsrullahın öldürülməsi üçün, İsrail Hərbi Hava Qüvvələri tərəfindən Hizbullahın Beyrut yaxınlığında yerləşən qərargahına hərbi hava zərbələri endirilib. Növbəti gün, Hizbullah tərəfindən Nəsrullahın öldüyü təsdiqlənib.
Liderin bunkerə çəkilməsi adətən müharibə, çevriliş və ya birbaşa hədəf riski fonunda baş verir. Bu addım bəzən lideri qoruyur, bəzən isə tarixi sonluğun başlanğıcı olur. Hitlerin bunkerdə ölümü, Səddam Hüseynin sığınacaqda tapılıb sonradan edam edilməsi və digər nümunələr göstərib ki, liderlərin gizlənməsi təhlükənin zirvəyə çatdığının ən açıq nümunəsidir.
Bəsti Rəfizadə
Sfera.az