Serbiya Prezidenti Aleksandr Vuçiç hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün nəzərdə tutulan mümkün sülh planına Ukraynanın 2027-ci il yanvarın 1-də Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı müddəa daxil edilə bilər.




Bu təklif maraqlı olsa da onun Rusiya tərəfindən qəbul edilib-edilməyəcəyi sual doğurur. 


 


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Vuçiçin Ukraynanın 2027-ci il yanvarın 1-də Aİ-yə üzvlüyünün sülh planına daxil edilə biləcəyi barədə fikri daha çox siyasi mesaj xarakteri daşıyır:




“Çünki Avropa İttifaqına üzvlük prosesi texniki, hüquqi və siyasi baxımdan son dərəcə mürəkkəb və uzunmüddətli mexanizmdir. Müharibə şəraitində olan, ərazisinin bir hissəsi faktiki olaraq nəzarətdən kənarda qalan və təhlükəsizlik risqləri davam edən bir ölkənin cəmi bir il ərzində bu prosesi tamamlaması institusional baxımdan demək olar ki, mümkün deyil. Aİ-yə üzvlük üçün namizəd ölkə Kopenhagen meyarlarını tam şəkildə yerinə yetirməlidir. Yəni sabit institutlar, hüququn aliliyi, korrupsiyaya qarşı effektiv mübarizə, funksional bazar iqtisadiyyatı və milli qanunvericiliyin Aİ-nin minlərlə səhifəlik hüquqi sənədlərinə uyğunlaşdırılması. Düzdür, Ukrayna tərəfi müharibəyə baxmayaraq bu istiqamətdə bir sıra addımlar atıb, amma mövcud vəziyyət Ukraynanın bu meyarları qısa müddətdə tam yerinə yetirməsinə imkan vermir”.


 





Politoloqun sözlərinə görə, digər tərəfdən, Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyünün sülh planının tərkib hissəsi kimi irəli sürülməsi praktikdən daha çox psixoloji və siyasi alət rolunu oynaya bilər:




“Belə bir bənd Kiyev üçün strateji motivasiya, cəmiyyət üçün gələcəyə ümid mesajı, Qərbin özü üçün isə Ukraynanın Avropa seçiminin vurğulanması deməkdir. Eyni zamanda bu, Rusiyaya ünvanlanmış geosiyasi siqnaldır və bu siqnal Ukraynanın təsir dairəsi ilə bağlı qərarın artıq verildiyini ehtiva edir. Lakin məsələ burasındadır ki, Aİ daxilində də bu məsələyə yanaşma birmənalı deyil. Bir sıra üzv ölkələr Ukraynanın sürətlə inteqrasiyasının İttifaqın öz daxilində maliyyə yükünü, institusional balansı və qərarvermə mexanizmlərini ciddi şəkildə dəyişəcəyindən ehtiyatlanır. Kənd təsərrüfatı subsidiyaları, struktur fondları və veto mexanizmləri kimi məsələlər Ukraynanın üzvlüyü fonunda xüsusilə həssasdır. Bu baxımdan daha real olan odur ki, Ukraynanın Aİ-yə üzvlüyü konkret tarixdən çox, mərhələli proses kimi qalacaq. Yəni yaxın illərdə üzvlük deyil, dərinləşdirilmiş inteqrasiya, maliyyə paketləri, təhlükəsizlik zəmanətləri və vahid bazara mərhələli çıxış daha real görünür. Amma istənilən halda bu perspektivin sülh müzakirələrində gündəmdə saxlanılması Avropanın Ukrayna ilə bağlı strateji mövqeyinin dəyişmədiyini göstərən mühüm mesajdır”.




Niyaz Hacıyev

Sfera.az