Son dövrlər İran ciddi daxili və xarici təzyiqlərlə üz-üzə qalıb. Ölkədə dərinləşən iqtisadi böhran, yüksək inflyasiya və sosial rifahın aşağı düşməsi geniş etirazlara səbəb olub. Etirazların sərt şəkildə dağıdılması, kütləvi həbslər və internet məhdudiyyətləri daxili gərginliyi daha da artırıb. Paralel olaraq, İranın nüvə proqramı və regional siyasəti ətrafında beynəlxalq təzyiqlərin güclənməsi ölkənin mümkün hərbi təhdidlərlə qarşılaşması riskini yüksəldib.


 


Mövcud vəziyyət göstərir ki, rəsmi Tehran üçün əsas çağırış həm daxili sabitliyi qorumaq, həm də ölkənin hücuma məruz qalmasının qarşısını almaqdır. Bunun üçün ilk növbədə hakimiyyətin sərt repressiyalar əvəzinə siyasi dialoqa və məhdud islahatlara üstünlük verməsi, insan haqları və media azadlığı sahəsində təzyiqləri azaltması vacib görünür. Eyni zamanda, iqtisadi sahədə inflyasiyanın cilovlanması və sosial dəstək mexanizmlərinin gücləndirilməsi cəmiyyətdəki narazılığı zəiflədə bilər. Xarici siyasətdə isə daha praqmatik xətt, regional gərginliklərin azaldılması və nüvə məsələsi üzrə beynəlxalq dialoqun bərpası İranın üzərindəki hərbi təzyiqləri azalda biləcək əsas amillər sırasındadır.

 

Mövcud daxili böhran və artan beynəlxalq gərginlik fonunda, rəsmi Tehran İranın mümkün hərbi müdaxilədən və ya hücumdan qorunması üçün hansı real və prioritet addımları atmalıdır?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Vüqar Zifəroğlu bildirib ki, son dövrlər İran İslam Respublikası həm daxili, həm də xarici müstəvidə eyni vaxtda dərin və çoxşaxəli təzyiqlərlə üz-üzə qalıb. 


 


Onun sözlərinə görə, daxildə iqtisadi böhran, yüksək inflyasiya, işsizlik və sosial rifahın zəifləməsi geniş ictimai narazılığa və etiraz dalğalarına səbəb olub. Xaricdə isə ABŞ, İsrail və Qərb blokunun artan siyasi, diplomatik və hərbi təzyiqləri fonunda İran faktiki olaraq regional və qlobal risk zonasında yerləşən ölkəyə çevrilib.


 



V.Zifəroğlunun fikrincə, mövcud reallıq göstərir ki, rəsmi Tehran üçün əsas prioritet artıq yalnız ideoloji və güc balansına söykənən təhlükəsizlik yanaşması deyil, dövlətin davamlılığı və sistemin qorunması strategiyasıdır:


 


“ABŞ-nin mümkün hərbi müdaxiləsi və ya birbaşa hücum riskindən qorunmaq üçün İranın atmalı olduğu addımlar hərbi reaksiyadan daha çox strateji, siyasi, diplomatik və sosial xarakterli olmalıdır.


Əks halda, davam edən daxili böhran və artan beynəlxalq gərginlik İranı hərbi risklərə daha açıq və daha həssas dövlətə çevirir. Bu isə nə təhlükəsizlik, nə suverenlik, nə də sistemin davamlılığı baxımından strateji üstünlük yaradır”.


 


Firuzə Əliyeva

Sfera.az