2025-ci ilin büdcə hesabatına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində əvvəlki illərdən qalan və istifadə olunmamış 370 milyon manat məbləğində vəsait mövcuddur.
Bu vəsaitin mənbəyi dövlət büdcəsi və vətəndaşların hər ay əməkhaqqılarından tutulan icbari tibbi sığorta ödənişləridir. Vətəndaşlar tərəfindən mütəmadi şəkildə ödənilən icbari tibbi sığorta vəsaitləri mövcud olduğu halda, tibbi xidmətlər üçün müraciət edən şəxslərin aylarla (bəzən 2-3 ay və daha artıq) növbədə saxlanılır.
Xüsusilə də ürək-damar xəstəlikləri kimi həyati risk daşıyan hallarda belə vətəndaşların “aylıq limit dolub” əsaslandırması ilə gözlədilməsi ciddi narahatlıq doğurur. Məlumdur ki, Avropa ölkələrində də müəyyən tibbi xidmətlər üzrə növbə sistemi mövcuddur.
Lakin bu, əsasən kadr və resurs çatışmazlığı ilə bağlıdır, maliyyə çatışmazlığı ilə deyil. Həmin ölkələrdə büdcədə artıq vəsait yarandıqda ya sığorta zərfinə yeni xidmətlər əlavə olunur, ya da vətəndaşların sığorta yükü azaldılır. Ən əsası isə həyati təhlükəsi olan pasiyentlər aylarla gözlədilmir.
Bəs, 370 milyon manat istifadə olunmamış vəsaitin hazırkı statusu nədir? Büdcədə bu qədər böyük məbləğdə qalıq vəsait olduğu halda niyə həyati təhlükəsi olan xəstələr üçün sürətləndirilmiş mexanizmlər tətbiq edilmir?
Sfera.az məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, İcbari tibbi sığorta fondunun 2025-ci il üzrə təsdiqlənmiş büdcə göstəricilərinə əsasən, fondun gəlirləri 2 milyard 571,69 milyon manat, xərcləri isə 2 milyard 941,69 milyon manat təşkil edir və gəlirlər və xərclər arasında yaranan 370 milyon manatlıq fərq fondun əvvəlki illərdə formalaşmış və istifadə olunmamış vəsaitləri hesabına maliyyələşdirilir:
“2025-ci ilin büdcə hesabatında əks olunan bu məbləğ fondun əvvəlki illərdən qalan maliyyə ehtiyatlarıdır və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vahid xəzinə hesabında saxlanılır. Sözügedən vəsait itirilmiş, dondurulmuş və ya təyinatından kənar istifadə edilmiş hesab edilmir. Əksinə, bu vəsait fondun cari və növbəti illər üzrə maliyyə öhdəliklərinin vaxtında və davamlı şəkildə icra olunması üçün ehtiyat maliyyə mənbəyi rolunu oynayır”.
Agentliyin məlumatına əsasən, qeyd olunan vəsait üzrə əvvəlcədən konkret xərc istiqamətləri müəyyən edilməyib:
“Zərurət yarandığı halda bu maliyyə ehtiyatlarından fondun təsdiq edilmiş büdcəsində nəzərdə tutulan istənilən xərc istiqaməti üzrə istifadə oluna bilər. Vəsaitin xərclənməsi ehtiyaclara uyğun olaraq mərhələli şəkildə həyata keçirilir və büdcə çərçivəsində tənzimlənir. İcbari tibbi sığorta fondunun büdcə xərcləri tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin dəyərinin qarşılanmasına, tibb müəssisələrinin saxlanılmasına, o cümlədən tibb işçilərinin əməkhaqlarının ödənilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində yönəldilir. Bu xərclərə, həmçinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində təqdim olunması mümkün olmayan tibbi xidmətlərin özəl tibb müəssisələrindən satın alınması da daxildir”.
Fonddan bildirilib ki, sözügedən vəsaitlərin istifadəsi birbaşa vətəndaşların tibbi xidmətlərə daha operativ, əlçatan və keyfiyyətli çıxışının təmin edilməsinə xidmət edir və icbari tibbi sığorta sisteminin dayanıqlılığının qorunmasına yönəlib.
Verilən məlumatlara əsasən, qeyd olunan vəsait üzrə əvvəlcədən konkret xərc istiqamətləri müəyyən edilməyib. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Yüz milyonlarla manatlıq maliyyə ehtiyatının mövcud olduğu bir şəraitdə bu vəsaitlərin məqsədli və planlı şəkildə yönəldilməməsi, nəticə etibarilə vətəndaşların aylarla tibbi xidmət növbəsində gözləməsinə səbəb olur.
Gözlənti ondan ibarətdir ki, Agentlik bu mərhələdə köklü və sistemli islahatlara gedərək mövcud maliyyə imkanlarını vətəndaşların real ehtiyaclarına uyğun şəkildə xərcləsin. Xüsusilə də həyati təhlükə daşıyan xəstəliklər üzrə sürətləndirilmiş mexanizmlər tətbiq edilməli, pasiyentlər “aylıq limit dolub” əsaslandırması ilə gözləməyə məcbur qalmamalıdır.
Əks halda, icbari tibbi sığorta ödənişlərini mütəmadi şəkildə edən vətəndaşlar çıxış yolu kimi özəl tibb müəssisələrinə üz tutmağa, əlavə vəsait ödəyərək müayinə və müalicə almağa məcbur qalırlar. Bu isə icbari tibbi sığortanın əsas məqsədi olan əlçatan, vaxtında və bərabər tibbi xidmət prinsipinə ziddir.
Bəsti Rəfizadə
Sfera.az