Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, 20 maddədən ibarət sülh planı Ukrayna ilə ABŞ arasında imzalanacaq və bu sənəddə Avropa İttifaqının imzası nəzərdə tutulmur.


 


Onun sözlərinə görə, razılaşma ikitərəfli xarakter daşıyır və hazırda məhz bu format müzakirə olunur. Bununla belə, danışıqlar prosesi hələ davam edir. Sibiqa qeyd edib ki, Avropa İttifaqı sülh prosesində, eləcə də təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmaların hazırlanmasında iştirak edir.


 


O vurğulayıb ki, bu zəmanətlər hüquqi baxımdan məcburi olmalıdır.


 


20 maddəlik sülh planının yalnız Ukrayna və ABŞ arasında imzalanması Aİ-nin prosesdəki roluna necə təsir göstərə bilər?


 


Sfera.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli Ukrayna savaşının dayandırılması prosesində indiyə qədər bir çox məntiqsiz və absurd hadisələrin baş verdiyini bildirib:


 



 


“Bu da böyük ehtimalla hüquqi və hərbi-siyasi məntiqə uyğun gəlməyən bir yanaşma tərzidir. Çünki Ukrayna Rusiya ilə müharibə aparır, öz ərazisini rəsmi Moskva işğalından xilas etməyə çalışır. Ancaq nə qədər qəribə də olsa, sülh sazişinin Rusiya ilə deyil, məhz ABŞ ilə imzalanması nəzərdə tutulur. Yəni sənəd imzalandıqdan sonra anlamaq daha asan olacaq. Hələlik isə bu, müəmmalı və qeyri-müəyyən assosiasiya yaradan bir sənəd kimi görünür. Təbii ki, burada daha iki önəmli məqam var. Məqamlardan biri ondan ibarətdir ki, ABŞ Rusiyanın diqtəsi ilə Avropa Birliyini sülh prosesinə yaxın buraxmır və sülh prosesində Aİ hazırda oyundan kənar vəziyyətə salınıb. Halbuki Ukrayna savaşının dayandırılması ətrafında cərəyan edən bütün proseslər Avropa Birliyinə birbaşa təsir göstərən proseslərdir. Çünki Kiyev Avropa məkanına həmsərhəd ölkədir və əslində Avropa ilə Rusiya arasında bufer zona rolunu da oynayır”.


 


Politoloq əlavə edib ki, belə olan təqdirdə, Ukrayna ilə bağlı sülh danışıqlarında Avropa Birliyi ölkələrinin iştirakı daha doğru olardı, nəinki okeanın o tayındakı ABŞ-nin aparıcı mövqeyi:


 


“Yəni bütün bunlar onu göstərir ki, ABŞ-də Rusiya kimi Avropa ölkələrinin oyundan kənar vəziyyətə salınmasında maraqlıdır. Burada ikinci önəmli məqam isə ondan ibarətdir ki, Avropa Birliyi ölkələrinin hüquqi iştirakı olmadan Ukraynanın təhlükəsizlik zəmanətləri necə formalaşdırılacaq? Bu olduqca önəmli bir sualdır. Çünki belə anlaşılır ki, təhlükəsizlik zəmanətlərini Kiyevə yalnız Vaşinqton verəcək və bu da Kiyevin gələcək taleyi üçün ciddi problem yaradır. Çünki bir müddətdən sonra ABŞ Ukraynaya da Kanadaya edilən təklifə bənzər şəkildə, yəni növbəti ştata çevrilmək təklifini edə bilər. Ukrayna bununla razılaşmadıqda isə ABŞ Ukraynanın təbii sərvətlərini tamamilə mənimsədikdən sonra onun təhlükəsizliyinə dair verdiyi zəmanətlərdən imtina edə bilər. Bu isə Kiyev üçün böyük bir fəlakət deməkdir. Bunun artıq bir nümunəsi də mövcuddur. Vaxtilə Ukraynaya Rusiya və ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri verilmişdi.


 


Bunun müqabilində isə rəsmi Kiyev öz ərazisində yerləşən nüvə başlıqlı raketlərin ləğvini həyata keçirmişdi. Lakin bu nüvə raketləri ləğv edildikdən sonra həm Rusiya, həm də ABŞ üçün Ukrayna ilə imzalanmış təhlükəsizlik zəmanətlərinə dair sənəd öz əhəmiyyətini itirmiş oldu. Hazırda ABŞ Ukraynanın təhlükəsizliyi üçün verdiyi zəmanətlərlə bağlı öhdəliklərindən tamamilə imtina edib. Rusiya isə nəinki bu öhdəliklərdən imtina edib, üstəlik Ukraynaya qarşı işğalçı müharibə də aparır. Bu baxımdan, hazırda Rusiya ilə müharibə aparan Ukraynanın sülh sazişini ABŞ ilə imzalaması son dərəcə absurd, müəmmalı və məntiqsiz görünür. Böyük ehtimalla bu yanaşma tərzi Ukrayna üçün yaxın gələcəkdə daha böyük təhlükələr yarada bilər”.


 


Fidan Hacızadə


Sfera.az