Belçika Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Egmont) baş direktorunun vəzifəsini icra edən professor Sven Biskop bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-nin NATO-dan çıxması ehtimalına hazır olmalıdırlar. Onun fikrincə, Aİ bu ehtimala hazır olarlarsa NATO-nun hərbi funksiyalarını qoruyub saxlamaq mümkün olar.


 


Bəs görəsən, ABŞ-nin NATO-dan çıxması real ehtimaldırmı? Belə bir halda Aİ yaranacaq boşluğu doldura bilərmi?




Suallarımızı cavablandıran politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin alyansdan çıxması əslində birbaşa olaraq NATO-nun funksionallığını itirməsi deməkdir:


 





“Çünki İkinci Dünya müharibəsindən sonra NATO-nun yaranması ilə bağlı təşəbbüs və real addımlar Amerika tərəfindən atılmışdı. Ondan sonra qurulan təhlükəsizlik çətirinin həm maliyyə öhdəlikləri, həm də hərbi-strateji baxımdan ən əsas yükü ABŞ üzərinə düşürdü. Bu baxımdan, ABŞ NATO-dan çıxarsa, Avropa İttifaqı alyansın formal mövcudluğunu qoruyub saxlaya bilər, lakin onun real funksionallığını təmin etməkdə çətinlik çəkər. ABŞ-nin alyansı tərk etməsi eyni zamanda yeni hərbi-siyasi bloklaşma mesajını da özündə ehtiva edə bilər. Çünki ABŞ kimi qlobal aktor, fövqəldövlət, alternativ hərbi-siyasi konfiqurasiya ilə bağlı ilkin ehtimallar olmadan NATO-dan tamamilə çıxmaz”.


 


Politoloq qeyd edib ki, belə olan halda isə NATO ya tam şəkildə funksionallığını itirə, ya da real təsir gücü olmayan bir təşkilata çevrilə bilər:




“Bu isə həm Avropa İttifaqına, həm də NATO-ya üzv dövlətlər üçün təhlükəsizlik baxımından ciddi risklər yaradar. Yeni formalaşan dünya nizamında ABŞ-nin iştirak etmədiyi hərbi-siyasi blokda təmsil olunmaq Avropa dövlətlərinin öz maraqlarını kifayət qədər zəif şəkildə müdafiə etməsi ilə nəticələnə bilər. Çünki İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemində, xüsusilə Soyuq Müharibədən sonrakı keçid mərhələsində Avropanın təhlükəsizliyinin əsas təminatçısı məhz ABŞ olmuşdur. Bu boşluğu doldurmaq üçün Avropa ölkələrinə uzun zaman, hətta bir neçə onillik lazım ola bilər”.


 


Niyaz Hacıyev

Sfera.az