“Dizim ağrıyır, deməli yağış yağacaq…”. Bu ifadəni xüsusilə revmatizm və oynaq problemi yaşayan insanlardan tez-tez eşitmək mümkündür. Maraqlıdır ki, nənə-babadan qalma bu müşahidənin arxasında müəyyən elmi əsasların olduğu görünür. Lakin məsələ deyildiyi qədər sadə deyil.


“Yeni Sabah” xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə leysan və şimşək də ehtimal olunur. Belə hava dəyişiklikləri oynaq ağrısı olan insanlarda narahatlığı artıra bilər.


Bəs bunun səbəbi nədir? pizza mizza


Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri atmosfer təzyiqinin dəyişməsidir. Yağışlı hava yaxınlaşanda təzyiq aşağı düşür. Daha sonra hava sistemi dəyişdikcə təzyiq yenidən artır.


Bu dəyişiklikləri bəzi insanlar daha çox hiss edir. Xüsusilə əvvəldən oynaq problemi olanlarda ağrı və sızıltı arta bilər.


Temperatur da bu məsələdə rol oynayır. Soyuq hava əzələlərin və oynaqların sərtləşməsinə səbəb olur. Bu zaman dizdə, beldə, çiyində və digər oynaqlarda ağrı daha çox hiss edilir.


Rütubətin də təsiri xeyli çoxdur. Lakin burada bir vacib məqam var. Alimlər hava ilə oynaq ağrısı arasında hər kəs üçün keçərli olan dəqiq əlaqə tapmayıblar. Yəni “dizim ağrıdısa, mütləq yağış yağacaq” demək düzgün deyil.


Araşdırmalar göstərir ki, bəzi insanlarda hava dəyişiklikləri ağrını artırır. Digərlərində isə heç bir dəyişiklik olmur. Bu, insanın xəstəliyindən və orqanizminin həssaslığından asılıdır.


“Revmatizm” sözü də burada xüsusi əhəmiyyət daşıyır. Çünki insanlar gündəlik həyatda müxtəlif oynaq xəstəliklərini bu adla çağırırlar. Halbuki osteoartrit, revmatoid artrit və digər xəstəliklər fərqlidir. Buna görə hava dəyişikliklərinə reaksiyalar da eyni olmur.


Bəs diz sızıldayanda evdə nə etmək olar?


Əgər ağrı yüngüldürsə, oynağı tam hərəkətsiz saxlamaq lazım deyil. Yüngül hərəkətlər etmək faydalı ola bilər. Evdə bir neçə dəqiqə gəzmək və sadə dartınma hərəkətləri etmək dizdəki sərtliyi azalda bilər.


İsti duş da rahatlıq verir. Xüsusilə dizdə sərtlik və əzələ gərginliyi varsa, istilik faydalıdır. Ağrıkəsici dərman qəbul edənlər isə dozanı özbaşına artırmamalıdır. Bir neçə dərmanı birlikdə qəbul etmək də təhlükəli ola bilər.


Diz ağrısı tez-tez təkrarlanırsa, bunun səbəbini araşdırmaq lazımdır. Çünki hər ağrını hava ilə əlaqələndirmək düzgün deyil.


Xüsusilə diz qəfil şişirsə, qızarırsa və toxunduqda isti olursa, diqqətli olmaq lazımdır. Güclü ağrı, hərarət və hərəkət etməkdə ciddi çətinlik də həkimə müraciət etmək üçün səbəbdir.


Əsmətxanım Rzazadə 



Telegram kanalımız