Məktəblərdə hazırda davam edən qış tətili və universitetlərdə imtahanlarla əlaqədər müəyyən fasilə şəhərdəki tıxacların azalması və yolların boşalması ilə nəticələnib. Bu, əslində şəhər nəqliyyatının necə idarə olunduğunu göstərən maraqlı bir nümunədir.
Bəs, universitetlərdə və məktəblərdə iş saatları da dəyişsə, eyni mənzərə yaranarmı? Bu istiqamətdə niyə addımlar atılmır?
Sfera.az-a bu haqda açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev dövlət proqramında həm avtoparkın yenilənməsinin, avtobus parkının, həm maliyyə dayanıqlılığının təmin olunmasının, həmçinin metro, tramvay, mikromobil vasitələrlə qısa və uzun məsafələrin qət edilməsi üçün imkanlar yaradılmasının nəzərdə tutulduğunu qeyd edib:
“Yəni zəruri şəbəkə yaradılır və onun genişləndirilməsi istiqamətində işlər görülür. Bu imkanlar yaradıldıqca, istifadəçi sayı da artır. Burada həmçinin piyada infrastrukturunun yaxşılaşdırılması da vacib layihələrdəndir və dövlət proqramında bu da qeyd olunur. Yəni bütün bu məsələlər bir-birinə bağlıdır”.
Mütəxəssisin fikrincə, digər vacib məsələ odur ki, insanların yaşadıqları yerdə məktəbə getmək imkanı olmalıdır:
“Əgər seçimləri şəhər mərkəzindədirsə, valideynlər məktəbə yaxın yaşamaq imkanlarını dəyərləndirməlidirlər ki, uzun tıxaclarda gözləmədən, stress yaşamadan uşaqlar gündəlik piyada məsafədə məktəbə gedə bilsin, valideynlər isə vaxtlarını daha səmərəli istifadə etsinlər. Bu həm iqtisadi baxımdan daha səmərəlidir, həm də vaxt baxımından daha məntiqlidir”.
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə isə, qış tətili dövründə şəhər yollarında tıxacların azalması bir daha göstərir ki, Bakı kimi böyük şəhərlərdə yol sıxlığının əsas səbəbi avtomobillərin sayı yox, hamının eyni vaxtda yola çıxmasıdır:
“Məktəblərin, universitetlərin və bir çox dövlət-özəl qurumların işə başlama saatlarının üst-üstə düşməsi səhər və axşam pik saatlarında süni sıxlıq yaradır. Tətil zamanı bu axın müvəqqəti olaraq parçalandığı üçün yollar boşalır, hərəkət daha axıcı olur və sürücülər bunu dərhal hiss edirlər. Universitet və məktəblərdə dərs saatlarının, eləcə də bəzi sahələrdə iş vaxtının mərhələli şəkildə dəyişdirilməsi real olaraq eyni mənzərəni daimi edə bilər. Məsələn, məktəblərin bir qismi dərsə 8-də, digərləri 9-da, universitetlər isə 10-da başlasa, minlərlə avtomobil eyni anda yola çıxmaz. Bu, təkcə tıxacların azalmasına yox, ictimai nəqliyyatın yüngülləşməsinə, yanacaq sərfiyyatının azalmasına və insanların psixoloji gərginliyinin düşməsinə də müsbət təsir edər”.
Ekpsert bu istiqamətdə addımların atılmamasının əsas səbəblərindən birinin mərkəzləşdirilmiş və cəsarətli qərarların olmadığını bildirib:
“Təhsil, nəqliyyat və əmək sahələri bir-biri ilə uzlaşdırılmadan qərar verilir. Hər qurum problemi ayrıca görür, amma şəhər miqyasında ümumi planlama aparılmır. Digər tərəfdən, valideynlərin iş saatları, müəllimlərin yüklənməsi, ictimai nəqliyyat qrafikləri kimi məsələlər bəhanə kimi irəli sürülür və dəyişikliklərdən çəkinilir. Halbuki bir çox ölkələrdə bu model illərdir tətbiq olunur və uğurlu nəticə verir. Sadəcə pilot layihə ilə, müəyyən rayon və ya təhsil müəssisələrindən başlayaraq mərhələli keçid etmək mümkündür. Əgər qış tətili dövründə yaranan rahatlıq hər kəsin diqqətini çəkirsə, deməli problem də, həll yolu da artıq göz önündədir. Lazım olan yalnız sistemli yanaşmadır”.
Bəsti Rəfizadə
Sfera.az