Fərdi məlumatların qanunsuz şəkildə yayılması ilə bağlı hallar bu gün də aktuallığını qoruyur. Rəqəmsallaşmanın sürətlənməsi, onlayn platformalardan geniş istifadə və məlumatların müxtəlif sistemlərdə saxlanılması bu riskləri daha da artırır.
Ən çox hansı şəxslərin fərdi məlumatları sızır və bu hallara səbəb olan əsas texniki səhvlər nələrdir?
İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, fərdi məlumatların sızması bu gün təkcə haker hücumu məsələsi deyil, daha çox texniki səhlənkarlıq və insan faktorunun nəticəsidir:
“Ən çox fərdi məlumatı sızan şəxsləri üç qrupa aid edə bilərik: aktiv onlayn istifadəçilər, biznes və dövlət strukturlarında çalışan əməkdaşlar və tanınmış şəxslər. Aktiv onlayn istifadəçilər çoxlu platformada qeydiyyatdan keçdiyi, eyni paroldan istifadə etdiyi və məlumatlarını rahat paylaşdığı üçün risk altındadır. Biznes və dövlət sektorunda çalışanların məlumatları isə işlə bağlı sistemlərdə saxlanıldığı üçün texniki zəiflik və ya daxili səhv olduqda kütləvi şəkildə sıza bilir. Tanınmış şəxslər isə məqsədli hücumların hədəfinə çevrilir, çünki onların məlumatları daha dəyərli olur. Bu hallara səbəb olan əsas texniki səhvlər çox vaxt elementar olur”.
Mütəxəssis təhlükəli parollardan və istifadəçilərin yol verdiyi əsas yanlışlardan da bəhs edib:
“Yəni parolun 123456 və ya eyni parolun bir neçə sistemdə istifadəsi və iki mərhələli təsdiqin aktiv edilməməsi hələ də ciddi problemdir. Digər böyük risk isə yanlış konfiqurasiyadır. Belə ki, serverlərdə məlumat bazalarının açıq qalması, bulud sistemlərinin düzgün sazlanmaması, test mühitlərinin real məlumatla işləməsi risk faktorlarıdı. Elə məhz bir çox sızıntı haker hücumu nəticəsində yox, sadəcə açıq qapı üzündən baş verir. Üçüncü mühüm amil daxili təhlükəsizlikdir. Sistemə çıxışı olan əməkdaşların həddindən artıq səlahiyyətə malik olması, girişlərin loglanmaması, məlumatlara nəzarətsiz çıxış fərdi məlumatların sızmasına yol açır. Bəzən isə məlumatlar texniki baxımdan qorunur, amma əməkdaş bilmədən fişinq linkinə daxil olur və nəticədə bütün sistem risk altına düşür”.
Fidan Hacızadə
Sfera.az