Son illərdə sosial şəbəkələr uşaqlar üçün də böyük maraq mənbəyinə çevrilib. Valideynlərin bir qismi isə kiçik yaşlarından övladlarını “TikTok ulduzu” və ya sosial media fenomeni olmağa sövq edir.


 


Bəs, kiçik yaşlardan uşaqları sosial şəbəkə fenomeninə çevirmək, onları tiktoker olmağa sövq etmək nə dərəcədə düzgündür və bunun uşaqların psixologiyasına uzunmüddətli təsirləri ola bilərmi?


 


Bu haqda neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, əvvəllər uşaqlara böyüyəndə “kim” olmağı xəyal edirsiniz sualı verildikdə, həkim, mühəndis, müəllim, pilot kimi cavablar alırdıqsa, yaxın zamanda aparılan bir sorğu göstərib ki, 11-16 yaş arası uşaqların xəyal etdikləri peşələr siyahısında ən öndə sosial media fenomeni olub:


 



 


“Sosial media ulduzu olmaq kənardan olduqca cazibədar görünür. Bu insanlar tanınır, ekzotik ölkələrə səyahət edir, şirkətlərdən pulsuz məhsullar alır və ən əsası, bu yeni peşə sahəsindən ciddi gəlir əldə edə bilirlər. Lakin uşaqların və çox vaxt valideynlərin görmədiyi bir tərəf də var. Bu işin görünməyən, çətin və riskli tərəfi. Əgər bir uşaq “Instagram” və ya “YouTube”da çox qazanan bir ulduz olmağı arzulayırsa, onu bir sıra psixoloji və sosial çətinliklər gözləyir. Sosial mediada uğurlu olmaq üçün davamlı şəkildə yeni və maraqlı məzmun yaratmaq lazımdır. Minlərlə, hətta milyonlarla izləyicinin marağını canlı saxlamaq asan deyil. Hər gün yeni paylaşımlar hazırlamaq həm vaxt aparır, həm də ciddi emosional enerji tələb edir. Böyük zəhmətlə hazırlanmış bir paylaşımın gözardı edilməsi və ya gülüş obyektinə çevrilməsi isə uşaqlar və yeniyetmələr üçün ağır psixoloji yük yarada bilər. Bir çox gənc “influencer” öz dəyərini bəyənmə və paylaşım sayına bağlayır. İzləyicilərin marağı azaldıqda isə narahatlıq və özgüvən problemləri ortaya çıxır, yeniyetməlik dövrünün sonlarında depressiya və ruh düşkünlüyü yaşayan “influencer” hekayələri bu risqin açıq şəkildə sübutudur. Kiçik yaşlı bir uşağın bu cür problemlərin öhdəsindən gəlməsinin nə qədər çətin olacağını təsəvvür etmək isə kifayətdir”.


 


Mütəxəssis erkən yaşda bu kimi psixoloji təsirlərin uşaqlar üçün gələcəkdə böyük risklər yaradacağını bildirib:


 


“İnsan şəxsiyyəti yeniyetmə dövrünün sonlarına qədər formalaşma mərhələsində olur. Onlayn mühitdə uğurlu görünmək istəyi bu prosesi daha da mürəkkəbləşdirir. Uşaq öz bacarıqlarını və güclü tərəflərini təbii şəkildə kəşf etmək əvəzinə, sosial gözləntilərin içində ilişib qala bilər. Digər vacib məsələ isə odur ki, izləyicilər real dostlar deyil. Kiçik yaşlı uşaqlar və valideyinlər çox vaxt bunu nəzərə almırlar. Onlayn izləyici kütləsi çətin anlarda uşağın yanında olmayacaq, dərdini dinləməyəcək. Real dostluqlar və ailə münasibətləri heç nə ilə əvəz edilə bilməz və rəqəmsal həyat naminə arxa plana atılmamalıdır. Sosial mediada tanınan hər kəs qaçılmaz olaraq onlayn nifrətlə üzləşir. Nifrət dolu şərhlər, təhqirlər və hətta real təhdidlər istənilən yaşda insan üçün qorxuducudur. Valideynlər şərhləri idarə edərək və uyğun olmayan davranışları şikayət edərək kömək edə bilərlər, lakin auditoriya böyüdükcə bunu nəzarətdə saxlamaq getdikcə çətinləşir. Bu nifrət uşağın real həyatına da sirayət edə bilər. Tanınmış uşaqlar xüsusilə risk altındadır, çünki uğur və populyarlıq qısqanclıq yarada, saxta dostluqlara səbəb ola bilər. Bu yaş dövründə yaşanan belə zorbakılıq təcrübələri uşaqlar üçün daha ağrılı olur”.


 


A.Aslan sosial mediada şəxsi həyatın həddindən artıq paylaşılmasının da real təhlükələrə yol aça biləcəyini vurğulayıb:


 


"Məşhur şəxslərin başına gələn hadisələr göstərir ki, onlayn paylaşımlar bəzən real həyatda təhlükəli nəticələr doğurur. Bu səbəbdən uşaqların rəqəmsal həyatının başlanğıcında valideyn nəzarəti xüsusilə vacibdir. Çünki internetdə paylaşılan hər şey orada qalıcıdır. Bundan əlavə, bəzi sosial media platformaları uşaqları təhlükəli davranışlara sövq edə bilər. Məsələn, zərərli çağırışlar və riskli “trend”lər uşaqlar üçün ciddi fiziki və psixoloji təhlükələr yarada bilər. Uşaqlar, həmçinin anlamalıdırlar ki, sosial mediada gördükləri həyat reallığın özü deyil. Paylaşımlar çox vaxt qurma və redaktə olunmuş görüntülərdir. Bu isə uşaqlarda özlərini başqaları ilə müqayisə etməyə və yetersizlik hissinə səbəb ola bilər. Son dövrlərdə bəzi “influencer”lərin paylaşım öncəsi hazırlıq proseslərini göstərməsi, bu parlaq görüntülərin arxasında fərqli bir reallıq olduğunu anlatmaq baxımından əhəmiyyətlidir.


 


Bir çox “YouTube” yayımçısı psixoloji eniş-yoxuşları, ayrılıqları, qorxuları və narahatlıqları haqqında videolar paylaşır. Bu, bəzən insanlara tək olmadıqlarını hiss etdirə bilər. Lakin bir insana fayda verən məsləhət hər kəs üçün uyğun olmaya bilər. Sosial media “səthi” tövsiyələrlə ciddi psixoloji problemlərin həll olunduğu bir yer deyil və peşəkar dəstəyin yerini verə bilməz. Valideynlər uşaqları ilə erkən yaşlardan açıq ünsiyyət qurmalı, onlara onlayn dünyada yol göstərməlidirlər. Uşaqlar səhv bir vəziyyətlə qarşılaşdıqda valideyni etibarlı bir məsləhətçi kimi görməlidirlər. Valideynlər övladlarının izlədiyi “influencer”ləri tanımalı, paylaşılan məzmunları birlikdə dəyərləndirməlidirlər. Nəsillər arasındakı fərqi körpülərlə bağlamaq, uşağı dinləmək və ona nümunə olmaq çox önəmlidir. Uşağın “influencer” olmaq arzusuna yalnız qadağa kimi deyil, onunla yaxınlaşmaq və həyat bacarıqları öyrətmək fürsəti kimi baxmaq daha sağlam yanaşmadır. Media savadlılığı, tənqidi düşünmə və prosesə dəyər vermə uşaqlar üçün vacib bacarıqlardır”.


 


Bəsti Rəfizadə


Sfera.az