Müasir həyat tərzi, texnologiyadan intensiv istifadə və gündəlik stress bir çox insanın gec yatmasına səbəb olur. Gec yatmaq çox vaxt adi vərdiş kimi qəbul edilsə də, uzunmüddətli yuxu pozuntuları həm fiziki, həm də psixoloji sağlamlıq baxımından ciddi narahatlıq doğurur. Xüsusilə, yuxusuzluğun hansı hallarda sadəcə həyat tərzi seçimi, hansı hallarda isə psixoloji problemin göstəricisi olduğu məsələsi diqqət mərkəzindədir.


 


Bəs görəsən, gecə gec saatlarda yatmaq və davamlı yuxusuzluq psixoloji problemin əlaməti sayıla bilərmi?


 


Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, müasir dövrdə yuxu ritminin pozulması psixologiya və neyrobiologiya sahələrində ciddi şəkildə araşdırılır.


 


Onun sözlərinə görə, texnoloji vasitələrdən daimi istifadə, xroniki stress, sosial ritmlərin dəyişməsi və iş qrafiklərinin uzanması insan orqanizminin daxili bioloji saatına birbaşa təsir edir:


 





“Yuxu yalnız fiziki bərpa prosesi deyil, həm də emosional tənzimləmə, yaddaşın möhkəmlənməsi və psixi sabitliyin qorunması üçün vacibdir. Bu baxımdan gec yatmaq və davamlı yuxusuzluq təkcə davranış vərdişi kimi deyil, müəyyən hallarda psixoloji pozuntuların erkən göstəricisi ola bilər. Psixoloji olaraq bu simptomlar həftədə bir neçə dəfə təkrarlanır və ən azı bir ay davam edirsə, artıq klinik diqqət tələb edən vəziyyət hesab olunur. Araşdırmalar göstərir ki, xroniki insomniya anksiyete pozuntuları, depressiya, travma sonrası stress pozuntusu və emosional tənzimləmə çətinlikləri ilə bağlı ola bilər. Anksiyete vəziyyətlərində insan yatağa uzandıqda təhlükə siqnallarını “skan edən” beyin sistemi aktiv qalır, gələcəklə bağlı ssenarilər, peşmanlıqlar və nəzarət ehtiyacı düşüncə axınını gücləndirir. Bu proses simpatik sinir sisteminin aktivliyini artırır və orqanizmin rahatlamasına mane olur. Depressiyada isə yuxu biologiyasında dəyişikliklər baş verir ki, bu da həm emosional həssaslığın artmasına, həm də gündüz saatlarında həyat ritminin azalmasına səbəb olur”.




Psixoloq qeyd edib ki, normalda kortizol axşam saatlarında azalmalı, melatonin isə yüksəlməlidir ki, orqanizm sakitləşsin və yuxu yaransın:


 

“Lakin davamlı psixoloji yüklənmə bu hormonal balansı pozur və orqanizmin istirahət rejiminə keçməsini çətinləşdirir. Travmatik vəziyyətlərdə isə insan qorxulu, kabus dolu yuxular görə bilər. Texnologiya istifadəsinin də yuxu psixologiyasında mühüm rolu var: yuxu öncəsi telefon, televizor və digər ekranlara baxmaq yuxuya keçidi ləngidir, eyni zamanda beynin informasiya ilə yüklənməsi gərginliyi artırır. Bu faktorlar birlikdə gecə yuxusuna ciddi təsir edərək yuxu pozuntularına səbəb olur. Psixoloji baxımdan telefon və sosial şəbəkələr bəzən emosional tənzimləmə strategiyası kimi istifadə edilir: insan daxili gərginlikdən yayınmaq üçün ekrana yönəlir və bununla da yuxuya keçidi daha da gecikdirir. Əgər insan istədikdə yuxu saatını dəyişə bilir, gündüz diqqət, motivasiya və emosional stabillik qorunursa, bu vəziyyət daha çox həyat tərzi seçimi kimi qiymətləndirilir. Lakin yuxusuzluq davamlıdırsa, məntiqli düşünmə qabiliyyəti azalırsa, emosionallıq yüksəlirsə və sosial sahələrdə problemlər yaranırsa, artıq psixoloji problemdən danışmaq olar”.


 


Niyaz Hacıyev

Sfera.az