Xarici mənbələrin nəlumatına görə, ABŞ və İran arasında birbaşa dialoqun sürətləndirilməsi istiqamətində atılan addımlar nəticəsiz qalıb. Bildirilir ki, diplomatik kanalların işə salınması və tərəflər arasında birbaşa əlaqələrin qurulması üçün göstərilən cəhdlər çıxılmaz vəziyyətə düşüb.


 


Danışıqların baş tutmamasının konkret səbəbləri açıqlanmasa da, prosesin ciddi maneələrlə üzləşdiyi vurğulanır. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, həmin həftə İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri, general Binder Vaşinqtona səfər edib.


 


O, ABŞ-nin əsas qərarverici mərkəzlərində-Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Ağ Evdə qapalı görüşlər keçirib.


 


Qapalı görüşlərdə hansı mövzuların müzakirə olunma ehtimalı var? Prosesdə belə görüşlər artarsa münasibətlər tənzimlənə bilərmi?


 


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi söyləyib ki, ABŞ və İran arasında diplomatik dialoqun nəticə verməməsinin və bu istiqamətdə danışıqların çətinləşməsinin arxasında çoxsaylı siyasi, ideoloji, strateji və etimad problemləri dayanır:


 



 


“Bu da dialoq mexanizminin tətbiqi üçün ilkin şərtlərin ağırlığından daha çox, danışıqlar prosesinə start vermək üçün başlıca maneələrdən biri kimi hesab edilə bilər. Əlbəttə ki, etimadın olmaması təhlükəsizlik baxımından təhdidlərə yol açır və niyyətlər ətrafında şübhələri artırır. Belə olan halda ultimatumlar, təhdidlər və digər hədələr dialoq mühitinə imkan vermir və danışıqlar prosesi mənasını itirir. Hazırda baş verənlərə diqqət etsək, görərik ki, hər iki tərəf bir-birinə qarşı strateji təhlükə mənbəyi kimi baxır və məhz bu amilin qarşılıqlı etimadsızlıqdan qaynaqlandığını desək, yanılmarıq. ABŞ İranın nüvə proqramını və raket sistemlərini regional risk hesab edir. Tehran isə ABŞ-nin hərbi təzyiqlərini suverenliyinə təhlükə olaraq görür. Belə olan təqdirdə tərəflər qarşılıqlı tələblər və şərtlər irəli sürür və bu tələb və şərtlər fundamental şəkildə fərqlənir. Bu da öz növbəsində hansısa razılığa gələ bilmək üçün ciddi maneədir. Son günlərdə ABŞ İranı təhdid məqsədilə regionda hərbi yerləşdirmə işlərini gücləndirib. Regiona əlavə qüvvələrin cəlb olunması və xüsusilə də hərbi dəniz qüvvələrinin regiona gətirilməsi, bunun ətrafında böyük müharibə anonsunun verilməsi Tehran tərəfindən özlərinə qarşı təhdid və təhlükə olaraq qiymətləndirildi və belə olan halda ABŞ-nin regiondakı hərbi bazalarına və gəmilərinə, eləcə də İsrail dövlətinin ərazilərinə qarşı zərbələr ediləcəyini İran hökuməti elan etdi. Bu, əlbəttə ki, qorxunc bir müharibənin anonsu idi”.


 


Ekspertin sözlərinə görə, hər nə qədər ABŞ prezidenti Trampın “İran bizimlə dialoq qurmaq istəyir” tipli açıqlamaları olsa da, əslində İran ABŞ ilə birbaşa dialoq qurmaqdan imtina edib:


 


“Bütün danışıqlar Türkiyə, Oman və digər ölkələr vasitəsilə həyata keçirilib. Bu da danışıqlar prosesində effektivliyi azaldır və ABŞ-nin təhdidlərindən İranın qorxmadığını göstərir. Belə bir vəziyyətdə ABŞ və İsrail vəziyyətin onların istədikləri kimi getməyəcəyindən ehtiyat etdilər və bu halda hərbi müdaxilə ehtimalı aradan qalxdı. Əlbəttə ki, İsrail kəşfiyyat idarəsinin rəhbərinin ABŞ-yə səfər etməsi və orada qapalı görüşlər keçirməsi deməyə əsas verir ki, ABŞ İranla bağlı strategiyasına dəyişiklik edir və İrana qarşı hərbi əməliyyatlara lüzum olmadığını, İranda rejim dəyişikliyi üçün yeni mərhələyə keçiləcəyini İsrail rəsmisi ilə müzakirə edə bilər. ABŞ dövlət katibi Mark Rubionun açıqlaması da deməyə əsas verir ki, ABŞ İranla bağlı təzyiq və ciddi sanksiyalar yolunu davam etdirmək niyyətindədir. Həmçinin İsrail kəşfiyyat xidmətləri rəhbərinin səfəri İranla bağlı digər kəşfiyyat məsələləri ətrafında müzakirələrlə bağlı ola bilər və bu da ABŞ-nin strateji qərarlarına öz təsirini göstərə bilər. Bütün bunlar ABŞ və İran arasında dialoqun uğursuzluğunu sadəcə qarşılıqlı ağır şərtlərin irəli sürülməsi ilə izah etməyin doğru olmadığını göstərir və hesab edirəm ki, burada əsas səbəb etimadsızlıq amilidir. Bu çərçivədə İsrail-ABŞ görüşləri proseslərə təsir baxımından diplomatik detalları gücləndirə bilər. Amma hesab edirəm ki, struktur problemlərin aradan qaldırılması istiqamətində bu addımların da ciddi köməyi olmayacaq”.


 


Fidan Hacızadə


Sfera.az