Qızıl minilliklərdir ki, həm zinət əşyası, həm də etibarlı sərvət vasitəsi kimi insan həyatında mühüm yer tutur. Lakin gündəlik istifadə etdiyimiz qızıl məmulatlarının tərkibi, rəngi və üzərində yazılan əyar göstəriciləri ilə bağlı cəmiyyətdə hələ də kifayət qədər yanlış təsəvvürlər mövcuddur. Əsas yanlışlıqlardan biri zərgərlik istehsalında istifadə edilən qızılın rəngi ilə bağlıdır. Zərgərlik məmulatlarında ağ, sarı, qırmızı, narıncı, bəzən isə yaşıl rəngdə qızıldan istifadə edilir.
Sfera.az xəbər verir ki, qızılın bir rəngi var. Xalis, təmiz halda olan qızılın (999,99 əyar) rəngi sarıdır və o, metallik parıltıya sahibdir.
Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir.
Zərgərlikdə və sənayedə qızılın digər əlvan metallarla qarışdırılmasının əsas səbəbi onun yumşaq olmasıdır. Xalis halda qızıl çox yumşaqdır, ona görə də o, asanlıqla formaya salına, kiçik zədədən çızıla, deformasiyaya uğraya bilər. Bu səbəbdən qızıl emal edilmək üçün digər bərk olan əlvan metallarla qarışdırılır.
Qızılın rəngi onun keyfiyyət göstəricisi də deyil. Rəng əyardan yox, ərintinin tərkibindən asılıdır. Tünd sarı qızıl müxtəlif metalların saf qızılla balanslı kombinasiyasından yaranır. Qırmızı qızıl isə misin üstünlük təşkil etdiyi ərintidən əmələ gəlir. Çəhrayı qızıl mis və gümüşün qarışığından, ağ qızıl palladium, nikel, bəzən platin qatılmış ərintidən yaradılır.
Ağ qızılın parlaq, poladabənzər görünüşü əslində rodium örtüyü hesabına əldə edilir. Orijinal halda ağ qızıl yoxdur.
Azərbaycanda ağ qızılın daha bahalı olması ilə bağlı geniş yayılmış fikir var. Bu, əsasən onun tərkibinə palladium və platin əlavə edilməsi ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirir ki, bu metalların miqdarı o qədər azdır ki, məhsulun maya dəyərinə ciddi təsir etmir. Ağ qızılın qiymət fərqi əsasən rodium örtüyü və əlavə görülən işlə bağlıdır.
Qızıl zinət əşyalarının qiymətindəki fərqin əsas səbəbi əyardır, rəng onun qiymətinə təsir etmir. Əyar qızıl məmulatının tərkibində min vahid üzrə nə qədər saf qızıl olduğunu göstərir. Ən çox istifadə edilən əyarlar bunlardır:
999 əyar (bəzən 24 karat kimi qeyd olunur) - Saf qızıldır;
750 əyar (18 karat) - 75 faizi qızıldır;
585 əyar (14 karat) - 58,5 faizi qızıldır;
375 əyar (9 karat) - 37,5 faizi qızıldır;
Bu rəqəmlər məmulatın tərkibindəki saf qızılın miqdarını ifadə edir. Məsələn, üzüyün üzərində 585 əyar işarəsi varsa, bu o deməkdir ki, həmin məmulatın çəkisinin 58,5 faizi saf qızıldır. Yəni 10 qramlıq üzüyün 5,85 qramı qızıl, qalan hissəsi isə digər metallardır.
Əyar nə qədər yüksəkdirsə, məmulatda qızılın miqdarı da bir o qədər çox olur. Bu səbəbdən 750 əyar daha bahalıdır, lakin daha az davamlıdır. 585 əyar isə gündəlik istifadəyə daha uyğun və möhkəmdir. Məhz buna görə toy üzükləri və gündəlik taxılan zinət əşyalarının əksəriyyəti 585 əyarlı qızıldan hazırlanır. Əgər onlar 750 əyarlı qızıldan hazırlansaydı, tez bir zamanda deformasiya oluna bilərdi. “Zərgərlik məmulatlarının” maya dəyərinə məhsulun kateqoriyası, daha doğrusu, onun seriyalı və ya məşhur dizayner tərəfindən hazırlanması təsir göstərir. Buna görə də qızılın rəngi zərgərlik məmulatlarının qiymətinə təsir edən son vasitədir.
Bəsti Rəfizadə
Sfera.az