Bəzi ailələr övladını tam maddi təmin etmək və ona daha yaxşı şərait yaratmaq üçün ikinci uşaq sahibi olmağı düşünmürlər. Bu qərar əsasən iqtisadi və sosial səbəblərlə bağlı olsa da, psixoloji baxımdan tək böyüyən uşaqların inkişafına təsir edib-etməməsi valideynlər üçün maraqlı bir sual olaraq qalır.
Bacı-qardaşla böyüyən uşaqlar və tək böyüyən uşaqlar arasında fərqliliklər yalnız maddi və sosial sahələrlə məhdudlaşmır, həm də davranış, sosial bacarıqlar və emosional inkişaf sahələrində özünü göstərə bilər.
Bu kontekstdə bəzi suallar ortaya çıxır: Psixoloji baxımdan tək böyümək uşağa neqativ təsir göstərə bilərmi? Bacı-qardaşla böyüyən uşaqlar və tək böyüyən uşaqlar arasında hansı fərqlər müşahidə olunur?
Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə tək böyüyən uşaqlar çox vaxt böyüklərlə daha sıx ünsiyyətdə olur, bu vəziyyət uşaqların dil açmasına və tez sərbəst danışmasına yardım edir. Onun sözlərinə görə, bu zaman özünü ifadə etmə və müstəqil qərar vermə qabiliyyətləri də yaxşı inkişaf edir:
“Valideynin tam diqqətinin bölünməməsi uşağın özünə inamlı böyüməsinə səbəb ola bilər. Bəzən isə paylaşma, gözləmə, kompromisə getmə kimi bacarıqların ailə daxilində təbii şəkildə formalaşması üçün daha az imkan olur, amma nəzarət normal olarsa, bu boşluq məktəb, dost çevrəsi və sosial fəaliyyətlər vasitəsilə rahatlıqla həll oluna bilər. Bacı-qardaşla böyüyən uşaqlarda isə gündəlik həyatın özündə sosial mühit var. Onlar mübahisə etmək, barışmaq, növbə gözləmək, nəyisə bölüşmək, başqasının duyğularını nəzərə almaq kimi bacarıqlara malik olur. Bu proseslər empatiyanın, emosional tənzimləmənin və sosial çevikliyin inkişafına çox böyük yardım edir. Başqa tərəfdən, qardaşlar arasında rəqabət, qısqanclıq və müqayisə olunma hissi də yarana bilər. Valideynlərin münasibətində balans olmadıqda bu, uşağın özünə dəyər hissinə mənfi təsir göstərə bilər. Yəni çoxuşaqlı ailə avtomatik olaraq ideal psixoloji mühit demək deyil, əsas faktor valideyn münasibəti, emosional təhlükəsizlik və ailə şəraitidir”.
Psixoloq qeyd edib ki, tək uşaqlar bəzən tənhalığa daha meylli, ərköyün olurlar və s. kimi fikirlər sadəcə stereotiplərdir:
“Araşdırmalar göstərir ki, uşaqlar düzgün tərbiyə olunduqda dostluq münasibətləri qurmaqda bacı-qardaşı olan uşaqlardan geri qalmırlar. Əksinə, bir çox tək uşaq yaşıdları ilə daha sıx əlaqələr quraraq daha çox sosiallaşa bilir, bu da onların yaşından böyük insanlarla daimi ünsiyyətdə olmasından irəli gəlir. Bacı-qardaşlı uşaqlarda isə ailə daxilində qurulan bağlar gələcəkdə sosial münasibətlər üçün model rolunu oynaya bilər. Hər iki halda məktəb, kollektiv oyunlar, idman və yaradıcılıq fəaliyyətləri uşağın sosial bacarıqlarının formalaşmasında həlledici rol oynayır. Tək böyüyən uşaq daha çox fərdiyyətçilik, daxili dialoq və özünüdərk üzərində inkişaf edə bilər. Bacı-qardaşlı mühit isə kollektivlik, qarşılıqlı asılılıq və paylaşma ideyasını erkən yaşlardan təcrübə etdirməklə insanın “başqası ilə birlikdə var olma” tərəfini gücləndirir.
Burada əsas uşağın neçə bacı-qardaşı olması deyil, onun sevgi, təhlükəsizlik və qəbul olunma hissini nə dərəcədə yaşamasıdır. Nəticə olaraq, tək uşaq olmaq özü-özlüyündə psixoloji risk amili sayılmır. Həm tək böyüyən, həm də bacı-qardaşla böyüyən uşaqlar sağlam, balanslı və sosial baxımdan güclü fərdlər ola bilərlər. Həlledici amillər valideynin emosional dəstəyi, tərbiyə üslubu, uşağın fikirlərinin dinlənilməsi və onun sosial mühitlə əlaqədə saxlanılmasıdır. Ümumiyyətlə, hər bir cəmiyyət bilməlidir ki, maddi təminat mühüm olsa da, uşağın psixoloji sağlamlığını formalaşdıran əsas faktor ailə daxili münasibətlər və anaya olan dəyərdir. Ailədə ana xoşbəxtdirsə, o ailə və ailədə olan uşaqlar sağlam böyüyür. Məncə cəmiyyəti ayaqda tutmaq üçün anaları savadlı və dünya görüşlü olmasına çalışmaq lazımdır. Bu da təbii ki, qız uşaqlarının uşaqlıqdan sağlam böyüməsinin vacib olduğunu bir daha vurğulamağımıza səbəb yaradır”.
Niyaz Hacıyev
Sfera.az