Yaxın Şərqdə artan gərginlik fonunda İran ilə İsrail və ABŞ arasında mümkün hərbi qarşıdurma ehtimalı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.


 


Mövcud hərbi, iqtisadi və siyasi reallıqlar nəzərə alındıqda, İranın uzunmüddətli və genişmiqyaslı müharibəni təkbaşına davam etdirmə imkanlarının məhdud olduğu barədə fikirlər səslənir. Xüsusilə sanksiyalar, iqtisadi çətinliklər və texnoloji üstünlük baxımından Qərb blokunun üstün mövqeyi bu balansı daha da mürəkkəbləşdirir.


 


Digər tərəfdən, bəzi ekspertlər hesab edirlər ki, əgər İran qlobal güclərdən, xüsusilə Rusiya və Çin kimi dövlətlərdən siyasi, iqtisadi və ya hərbi dəstək alarsa, bu, regional güc balansını dəyişə və Tehranın mövqeyini gücləndirə bilər. Bununla yanaşı, belə bir dəstəyin hansı formada və hansı həddə göstərilə biləcəyi də müzakirə mövzusudur.


 


Bəs, Rusiya və Çin kimi qlobal güclər real olaraq İrana açıq və ya dolayı dəstək göstərə bilərmi? Bu cür dəstək İranın hərbi və siyasi gücünü əhəmiyyətli dərəcədə artıra bilərmi? Ümumiyyətlə, beynəlxalq sistemdə başqa hansı güclər İranın yanında yer ala bilər?


 


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, İranın hazırkı vəziyyəti və potensial güclənmə ssenariləri regional və qlobal siyasətin mürəkkəbliyi ilə sıx bağlıdır.


 



 


Onun sözlərinə görə, hazırda İran ABŞ və İsrail ilə münaqişəni davam etdirmək baxımından hərbi və iqtisadi resursları məhduddur:


 


“Sanksiyalar, daxili iqtisadi çətinliklər və texnoloji məhdudiyyətlər Tehranı birbaşa hərbi eskalasiya üçün zəiflədib. Lakin geosiyasi şərtlər və qlobal aktorların mövqeyi, xüsusilə Rusiya və Çin, İranın strategiyasını dəyişdirə bilər. Rusiya uzun illərdir İrana müxtəlif sahələrdə dəstək verir. Bu dəstək həm hərbi, həm texnoloji, həm də diplomatik xarakter daşıyır. Məsələn, Rusiyanın İrana hərbi texnika tədarükü və strateji məlumat paylaşımı, Tehranın əməliyyat imkanlarını müəyyən qədər artırıb. Lakin Moskvanın dəstəyi həmişə ehtiyatlıdır. Rusiya öz maraqlarını prioritet hesab edir və İranla birgə addımlamaq Moskvanın qlobal strategiyasına əks təsir göstərə bilər. Yəni Rusiya dəstək versə də, bu dəstək qismən və ölçülü olacaq, tam hərbi hərəkətlilikdən söhbət gedə bilməz”.


 


Politoloq qeyd edib ki, Çin daha çox iqtisadi və texnoloji dəstək təqdim edir:


 


“Pekin İranın enerji resurslarından və iqtisadi potensialından yararlanmaq istəyir, eyni zamanda ABŞ və Qərb təsirinə qarşı balans yaratmaq məqsədini güdür. Ona görə də Çin İrana kreditlər, investisiya layihələri və bəzi texnologiya transferləri, qismən də hərbi alətlər təklif edirə bilər və edir də. Amma birbaşa hərbi dəstək verib ABŞ-yə bəhanələr vermək istəməz. Başqa sözlə desək Çin dəstəyinin gücləndirici effekti daha çox iqtisadi və diplomatik sahədə özünü göstərir, hərbi gücün artımına birbaşa təsir isə məhduddur.


Bundan əlavə, region və qlobal siyasətdə başqa aktorlar da potensial dəstək verə bilər. Məsələn, Pakistan və bəzi Körfəz ölkələri diplomatik dəstək və enerji əməkdaşlığı təqdim edə bilər, lakin onlar ABŞ və Qərb təsirinə qarşı açıq hərbi dəstək verməkdə ehtiyatlıdırlar. Şimali Koreya isə bəzi hərbi texnologiya və raket sistemləri təmin edə bilər, amma bu, İranın müharibə aparmaq gücünü radikal şəkildə artırmayacaq. Daha çox strateji mesaj xarakteri daşıyacaq. İranın güclənməsi üçün əsas şərt həm daxili resursların mobilizasiyası, həm də qlobal aktorlarla əlaqələrin səmərəli koordinasiyasıdır. Rusiya və Çin dəstəyi qismən strateji balansı dəyişdirə bilər, amma İranı ABŞ və İsrail qarşısında dominant gücə çevirmək üçün kifayət deyil”.


 


Niyaz Hacıyev


Sfera.az