Sosial şəbəkələrdə yeni trend gündən-günə daha çox yayılır. İnsanlar öz fotolarını süni intellekt vasitəsilə 1980-ci illərdə çəkilmiş kimi hazırlayaraq paylaşırlar. Azərbaycanda da bu trendə qoşulanların sayı artır.


"Yeni Sabah" xəbər verir ki, hazırda "İnstagram"da istifadəçilər müasir fotolarını süni intellekt vasitəsilə retro üslubda dəyişdirirlər. Bir neçə dəqiqə ərzində hazırlanan fotolarda insanların üz cizgiləri mümkün qədər qorunur, saç və geyimlər isə 1980-ci illərin dəbinə uyğunlaşdırılır. Arxa plana da həmin dövrə xas foto studiyası əlavə edilir.


80-ci illər fotosu necə hazırlanır? pizza


Bunun üçün ChatGPT tətbiqinə daxil olaraq istədiyiniz fotonu söhbətə əlavə etmək kifayətdir. Sadəcə "Məni 80-ci illərə apar" yazmaq əvəzinə daha ətraflı göstəriş vermək daha real nəticə əldə etməyə imkan verir.


Məsələn, aşağıdakı mətndən istifadə etmək olar:


"Bu fotodakı şəxsi 1980-ci illərdə çəkilmiş realistik studiya portreti kimi yenidən hazırla. Üz cizgilərini və şəxsin kimliyini qoruyub saxla. 1980-ci illərə uyğun saç düzümü və geyim əlavə et. Arxa fonda həmin dövrə uyğun sadə foto studiyası olsun. Analog lent effekti, yüngül foto dənəcikləri, isti rənglər və həmin dövrün fotoaparatlarına xas yumşaq görüntü əlavə et. Nəticə real 1980-ci illər fotosuna bənzəsin".


Əgər nəticədə üz cizgiləri dəyişərsə, "Üzümü orijinal fotoya daha çox bənzət" yazaraq görüntünü yenidən düzəltmək mümkündür.


Hazırlanan fotonu "İnstagram"da paylaşmaq üçün ölçünü də dəyişmək olar. Adi paylaşım üçün 4:5, hekayə üçün isə 9:16 formatından istifadə etmək mümkündür.


Məsələn, "Bu şəkli Instagram paylaşımı üçün 4:5 ölçüdə hazırla" və ya "9:16 formatında hazırla" yazmaq kifayətdir.


Əsmətxanım Rzazadə



Telegram kanalımız