Müasir dövrdə gənclər arasında motivasiya çatışmazlığı getdikcə geniş yayılır.


 


Bu problem həm psixoloji amillərlə, həm də həyat tərzi ilə sıx bağlayanlar var.


 


Maraqlıdır, müasir dövrdə, xüsusilə gənclər arasında motivasiya çatışmazlığının əsas səbəbləri nələrdir və bu problem daha çox psixoloji amillərlə, yoxsa həyat tərzi ilə bağlıdır? Hansı kiçik vərdişlərlə bu halı bərpa edə bilərik?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, bugünkü gənclər əvvəlki dövrlərlə müqayisədə daha çox informasiya alır, daha çox insanla özünü müqayisə edir, amma buna baxmayaraq daha az daxili rahatlıq yaşayır. Onun sözlərinə görə, sosial şəbəkələrdə hər kəsin hazır uğuru görünür, amma heç kəs o uğurun arxasındakı yorğunluğu, uğursuzluğu, qorxunu göstərmir:


 



 


“Nəticədə insan öz həyatını geridə qalmış kimi hiss edir və bu da motivasiyanı daxildən zəiflədir. Bu problem həm psixoloji, həm də həyat tərzi ilə bağlıdır. Psixoloji tərəfdən baxanda uzun müddətli stress, özünə inamsızlıq, uğursuzluq qorxusu, emosional tükənmə, hətta gizli depressiv hallar insanın hərəkət gücünü azaldır. Bəzən insan işləmək istəmir deyə yox, sadəcə daxilən yorulduğu üçün başlaya bilmir. Həyat tərzi də burada çox böyük rol oynayır. Yuxusuzluq, plansız gün rejimi, düzgün olmayan qidalanma, fiziki hərəkətsizlik, telefon və sosial media asılılığı beyində həm diqqəti, həm də istəyi zəiflədir. İnsan elə bilir ki, ruhdan düşüb, amma əslində bəzən bədən və beyin artıq yüklənib”.


 


Psixoloq qeyd edib ki, motivasiya hər zaman böyük qərarlarla geri qayıtmır və bunun üçün kiçik vərdişlərə ehtiyac var:


 


“Çox vaxt o, kiçik vərdişlərlə bərpa olunur. Məsələn, səhər oyanan kimi telefona baxmamaq, gün ərzində özünə 10-15 dəqiqə sakit vaxt ayırmaq, yatağı yığmaq, qısa gəzinti etmək, gün üçün cəmi 1 real məqsəd seçmək belə insanın daxili sabitliyini bərpa etməyə kömək edir. Çünki motivasiya çox vaxt gözlənilən hiss deyil, hərəkətin içində yaranan bir haldır. Yəni əvvəl həvəs gəlmir, əvvəl addım gəlir. İnsan kiçik də olsa hərəkət etdikcə beyin “mən bacarıram” siqnalı alır, mükafat sistemi aktivləşir və bu da tədricən istəyi geri qaytarır. Bəzən motivasiya itkisi insanın zəifliyi deyil, sadəcə uzun müddət özünü daşımaqdan yorulmasının nəticəsidir. Ona görə də özünü qınamaq yox, özünü anlamaq daha vacib olandır. Çünki bəzən insanın istirahətə, bəzən də sadəcə yenidən özünü hiss etməyə ehtiyacı olur. Ən azı insan qarşısına özünü yaxşı hiss etdiyi zamanla bu günü yazaraq göz önündə canlandırıb müqayisə edə bilər ki, bu düşüncədə yenilənməyə səbəb ola bilər”.


 


Niyaz Hacıyev


Sfera.az