Azərbaycanın cənubuna doğru uzanan yol bəzən təkcə coğrafi məsafəni deyil, düşüncə və yanaşmaların dəyişməsini də ölçür. Lənkərana daxil olanda hiss olunan rütubətli hava, torpağın qoxusu, yazın təravəti sanki səni sakit bir bölgəyə yox, dəyişimin astanasına gətirir.


 


Bu dəyişimin ünvanı isə ilk baxışda adi görünən, amma daxilində tamam fərqli bir həyat ritmi daşıyan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzidir. Son illərdə İlham Əliyev tərəfindən imzalanan sərəncamlar peşə təhsilini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu diqqət artıq kağız üzərində qalan qərar deyil, regionlarda qurulan müasir mərkəzlərdə, emalatxanalarda, tələbələrin baxışında öz real əksini tapır.


 



 


Sfera.az-ın əməkdaşı olaraq qatıldığım infotur da məhz bu reallığı yerində görmək imkanı yaratdı. Lənkəran Peşə Təhsil Mərkəzinin qapısından içəri daxil olan kimi ilk diqqət çəkən səliqə və nizam-intizam olur. Amma bu, adi məktəb nizamı deyil. Burada hər şey sanki real iş mühitinin bir parçasıdır. Səliqəli geyimli tələbələr artıq özlərini tələbə kimi yox, gələcəyin mütəxəssisi kimi aparırlar. İnfoturda bizi müşayiət edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və məsul şəxslərin təqdimatından sonra mərkəzlə tanışlıq başlayır. Hər addımda bir detal aydın olur ki, burada təhsil nəzəriyyədən çox praktikaya söykənir.


 



 


Təlim-qonaq evi bu yanaşmanın ən canlı nümunəsidir. Qapıdan içəri girəndə elə bil ki, kiçik bir hotelin foyesinə düşürsən. Qeydiyyat masası, otaqlar, xidmət sahələri – hər şey realdır. Amma burada işləyənlər peşəkar hotel əməkdaşları yox, hələ öyrənən tələbələrdir. Onlar qonaqları qarşılayır, otaqları hazırlayır, süfrə təqdim edir və bütün bunları tədris prosesinin bir hissəsi kimi icra edirlər.


 



 


Bu, kitabdan öyrənilən bilik deyil, yaşayaraq mənimsənilən təcrübədir. Mərkəzin digər korpuslarına keçdikcə bu yanaşma daha da aydın görünür. Avtoservis emalatxanasında tələbələr mühərrik üzərində işləyir, elektronika siniflərində gənclər mürəkkəb sistemləri analiz edir. Burada artıq ənənəvi avtomobillərlə yanaşı, elektrik və hibrid nəqliyyat vasitələrinin təmiri də öyrədilir. Bu isə onu göstərir ki, peşə təhsili təkcə bu günə yox, gələcəyə hesablanıb.


 



 


Həyətdə yerləşən istixana isə tamam başqa bir dünyadır. Torpaqdan istifadə olunmadan, vertikal sistemlə yetişdirilən pomidorlar ilk baxışda qəribə görünür. Amma bu “göydə bitən” məhsullar əslində kənd təsərrüfatının gələcəyini simvolizə edir. Burada tələbələr yalnız əkinçilik yox, texnologiya ilə birləşən aqrar yanaşmanı öyrənirlər. Kulinariya emalatxanasına daxil olanda isə mühit dəyişir. Burada artıq texnika yox, yaradıcılıq ön plandadır. Gənc aşpazlar hazırladıqları yeməkləri təqdim edərkən onların işinə sadəcə peşə kimi yox, sənət kimi yanaşdıqları hiss olunur. Lənkəranın məşhur ləvəngisinin müasir formada təqdim olunması bu yanaşmanın ən gözəl nümunələrindən biridir.


 



 


 


Amma bu səfərin ən yadda qalan məqamı nə texnologiya, nə də müasir avadanlıqlar oldu. Bu, emalatxanalardan birində qarşılaşdığımız bir insan hekayəsi idi. Dərzi ixtisası üzrə təhsil alan 42 yaşlı Yeganə Miriyeva ilə söhbət ilk baxışda sadə görünürdü. Amma onun dedikləri bu reportajın ən güclü hissəsinə çevrildi. O, sakit və səmimi şəkildə danışır:


 



 


"Orta təhsilim var. Əvvəllər müəyyən işlərdə çalışmışam. Bir müddətdir evdar qadın idim. Bu sənətə həmişə marağım olub. Qərara gəldim ki, peşəni daha dərindən mənimsəyim. İndi burada öyrənirəm. Demək olar bir ilə yaxındır oxuyuram və çox məmnunam”.


 


Onun səsində nə peşmanlıq var idi, nə də gecikmişlik hissi. Əksinə, bir rahatlıq və əminlik duyulurdu. Sanki o, həyatının düzgün vaxtında düzgün qərar verdiyini hiss edirdi. Yeganə Miriyevanın hekayəsi bu mərkəzlərin əsl mahiyyətini açır: bura yalnız gənclər üçün deyil. Burada ikinci şanslar var. Burada yarımçıq qalan arzular tamamlanır.


 


Səfərin növbəti dayanacağı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi oldu. Daha geniş əraziyə malik olan bu mərkəz kənd təsərrüfatı istiqaməti ilə seçilir. Burada həyat bir qədər fərqli ritmlə davam edir – daha çox torpaqla, istehsalla, real əməyə bağlıdır. Bizi qarşılayan mənzərələrdən biri isə xüsusilə diqqət çəkdi: traktor sükanı arxasında qadınlar. Onlara verilən “çətin olmadı?” sualına gələn qısa cavab isə düşündürücü idi: “Bir günə öyrəndik”. Bu sadə cümlə uzun illərin stereotiplərini dağıtmağa kifayət edir. Burada qadınlar artıq müşahidəçi deyil, prosesin birbaşa iştirakçısıdır. Mərkəzdə tətbiq olunan dual təhsil sistemi isə bu yanaşmanı daha da gücləndirir. Tələbələr həftənin bir hissəsini dərsdə, digər hissəsini isə real iş yerlərində keçirir. Bu isə onların məzun olduqdan sonra iş tapmasını asanlaşdırır.


 



 


Səfər boyu eşidilən rəqəmlər də bu dəyişimin miqyasını göstərir. Son illərdə yüz minlərlə müraciət, minlərlə işlə təmin olunan məzun peşə təhsilinə marağın artıq təsadüfi olmadığını sübut edir. Lənkərandan Cəlilabada uzanan bu yol bir daha göstərdi ki, peşə təhsili artıq köhnə stereotiplərin kölgəsində deyil. Bu, real bacarıq, real iş və real gələcək deməkdir. Və bu gələcəyin içində təkcə gənclər yox, 42 yaşında yeni həyata başlayan bir qadın da var. Bəlkə də bu səfərin ən böyük dərsi elə budur: bəzi yollar gec başlanmır sadəcə doğru zamanda başlanır.


 


 


Firuzə Əliyeva


Sfera.az