Son günlərdə paytaxt və rayon ərazilərinə normadan artıq intensiv yağışlar yağıb. Bu hal paytaxtın bir çox yerlərində subasmalara, dağlıq ərazilərdə kiçik çayların məcrasından çıxmasına səbəb olub. Bunun nəticəsində yaşayış yerləri və müəssisələrə ciddi zərər dəyib.
Maraqlıdır, Azərbaycanda martın sonu və aprelin əvvəlində yağıntıların çox olması xarakterik haldırmı? Qarşıdakı aylarda da yağıntıların davam etməsi ehtimalı varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, son günlər müşahidə olunan yağıntılar Azərbaycanda yazın ilkin dövrü üçün xarakterik olan yağıntılı mərhələyə təsadüf edir.
Ekoloqun fikrincə, ümumiyyətlə, Azərbaycanda yağıntılı dövr dedikdə iki əsas mərhələ nəzərdə tutulur:
“Biri qışın sonu, yazın əvvəli, digəri isə yazın sonu, yayın əvvəlidir. Hazırda yaşanan yağıntılar həmin dövrə düşsə də, bu miqyasda yağıntının həm Bakı şəhərində, həm də bölgələrdə baş verməsi adi hal hesab olunmur. Belə kütləvi və uzunmüddətli yağıntılar, yəni bir neçə ay ərzində bu qədər intensiv yağışın düşməsi normal deyil, anormal hadisədir. Bu cür hallar, adətən, 20-30, bəzən isə 30-40 ildən bir təkrarlana bilər.
Hazırkı vəziyyətlə bağlı indidən qəti proqnoz vermək düzgün olmazdı. Ola bilər ki, qarşıdakı aylarda yağıntılar uzun müddət azalsın və ya nisbətən zəif keçsin. Eyni zamanda, bəzi aylarda yenidən yağıntılar davam edə bilər, lakin bu dəfə daha çox çoxillik norma çərçivəsində, yəni adi səviyyədə müşahidə olunsun. Xüsusilə may ayının sonu və iyunun əvvəllərində yağıntıların yenidən artması ehtimalı var, çünki bu dövr də çoxillik göstəricilərə görə yağıntılı mərhələ hesab olunur. Bu cür güclü yağıntılar ciddi fəsadlar törədir və kifayət qədər ziyan vurur”.
Ə.Əliyev əlavə edib ki, belə hallarda əsas məsələ yerüstü suların səmərəli idarə olunmasıdır:
“Yağan bu qədər suyun axıb itməsinin qarşısını almaq üçün su anbarlarının tikintisinə ciddi ehtiyac var. Bu ehtiyat suları toplamaq, saxlamaq və sonradan istifadə etmək üçün yeni su anbarları yaradılmalıdır. Vaxtilə institutumuz tərəfindən 30-40-dan artıq çay üzrə su anbarı ehtiyatlarının yaradılması və yeni anbarların tikilməsi ilə bağlı müəyyən planlar hazırlanmışdı. Təəssüf ki, həmin layihələrin heç biri reallaşmadı. Bu isə gələcəkdə əlavə problemlər yarada bilər. Çünki belə intensiv yağıntılardan sonra təxminən 3-4 ay quraqlıq dövrünün yaşanması da mümkündür.
Havanı uzunmüddətli və dəqiq şəkildə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Sinoptiklər, adətən, maksimum 3-4 günlük dəqiq proqnoz verə bilirlər. Bütün bunlara baxmayaraq, son yağıntıların həm ciddi fəsadları, həm də müəyyən müsbət təsirləri oldu. Mənfi tərəfi odur ki, güclü yağıntılar müxtəlif sahələrdə ziyanlara səbəb oldu. Müsbət tərəfi isə ondan ibarətdir ki, respublika ərazisində, xüsusilə də Bakıda flora və bitki örtüyü xeyli canlandı, yaşıllıq artdı. Torpaqda yaranan rütubət ehtiyatı və su bolluğu sayəsində bitkilərin inkişafı üçün əlverişli şərait formalaşdı. Bu da onların fotosintez prosesini daha uzun müddət davam etdirməsinə və toxumlaşma mərhələsini daha sağlam şəkildə tamamlamasına imkan verəcək”.
Fidan Hacızadə
Sfera.az